Xaqani Cəfərli: “Səudiyyə Ərəbistanın İranın “Məkkə paktı”na qoşulmasına razı olması mümkün görünmür”
İran Prezidenti Məsud Pezeşkian Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılmış Məkkə Birgə Müdafiə Sazişini yüksək qiymətləndirib və Tehranın bu formata qoşulmağa hazır olduğunu bəyan edib.
Pezeşkian "Al Jazeera" telekanalına müsahibəsində bu sazişi müsəlman dünyasında parçalanmanın qarşısını almaq və birliyi təmin etmək üçün "vacib və müsbət bir addım" adlandırıb.
Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın İranı Məkkə Müdafiə Sazişinə qoşulmağa dəvət etməsinə baxmayaraq, bu üç ölkənin İrana qoşulmaq imkanı yaratması və ya İranın bu alyansa qəbul olunması yaxın perspektivdə çətin görünür.
Ekspertlər qeyd edirlər ki, Səudiyyə Ərəbistanı bu alyansı (7 avqust 2026-cı ildə Məkkədə imzalanıb) əsasən Yəməndəki husilər və regiondakı təhlükəsizlik təhdidlərinə, o cümlədən İranın dəstəklədiyi qüvvələrə qarşı bir müdafiə qalxanı kimi yaradıb. İranın bura daxil olması alyansın əsas məqsədini sual altına qoyardı.
Pakistan Səudiyyə Ərəbistanına açıq şəkildə güclü hərbi dəstək verir, hətta bu ölkədə qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bu isə İranın İslamabada qarşı narazılığına və sərhədləri bağlaması kimi gərgin addımlara səbəb olub.
Məkkə Sazişi Türkiyə parlamentinə təsdiq üçün təqdim edilib. Türkiyə regionda balanslı siyasət və sabitlik tərəfdarı olsa da, Səudiyyə Ərəbistanı və Pakistanla olan bu yeni hərbi-strateji ittifaq çərçivəsində İranın hələlik tam hüquqlu üzv kimi iştirakı mövcud geosiyasi rəqabət səbəbindən real görünmür.
İran tərəfi (prezident Məsud Pezeşkianın siyasəti və parlament dairələri) müəyyən maraq nümayiş etdirsə də, faktiki olaraq Türkiyə və Pakistana qarşı sərt addımlar atıb, sərhədləri bağlayıb və ittifaqa təpki göstərib.
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, İranın “Məkkə paktı”na qoşulması Yaxın Şərqdə yeni geosiyasi vəziyyət yaradar. “Belə olarsa İran bu addımla Yaxın Şərqdə formalaşdırdığı üstünlüyünü rəsmiləşdirə, bölgənin aparıcı dövlətləri tərəfindən qəbullanmasına nail ola bilər. Səudiyyə Ərəbistanın belə bir vəziyyətlə barışması mümkün deyil. Əksinə, “Məkkə paktı”nın qurulmasında Səudiyyə Ərəbistanın marağı İran təsirini azaltmaq, Tehranın proksi qüvvələrinə qarşı hərbi blok yaratmaqdır. Ona görə də Səudiyyə Ərəbistanın İranın “Məkkə paktı”na qoşulmasına razı olması mümkün görünmür.
Səudiyyə Ərəbistanından fərqli olaraq Türkiyə İranın “Məkkə paktı”na qoşulmasına müsbət yanaşa bilər. Ancaq o zaman NATO ilə “Məkkə paktı” arasında seçim etmək məcburiyyətində qala bilər. Türkiyənin üzv olduğu NATO-nun əsas dövləti ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, “Məkkə paktı”nın şərtlərinə görə Türkiyə İranı qorumaq üçün müharibəyə başlamalıdır. Bunun mümkün olmayacağını yəqib ki, Ankarada anlayanlar var. Eyni sözlər bir qədər redaktə ilə Pakistana da aiddir. Pakistan ABŞ-la qarşıdurmanın tərəfi olmanın ölümcül olacağını bilir.
Bu “Məkkə paktı” qeyri-ciddi bir ittifaqdır və prespektivi də yoxdur”-deyə X.Cəfərli qeyd etdi.
İradə SARIYEVA