Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bəhreynə səfəri zamanı Fars körfəzi regionunda təhlükəsizlik məsələləri və regional əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Moskva regionda hərbi əməliyyatların yenidən başlamasının qarşısının alınmasını və beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini vacib hesab edir. Eyni zamanda, körfəz ölkələrinin kollektiv təhlükəsizlik konsepsiyasının yenilənməsi, bu prosesə İordaniya və İraqın, eləcə də Ərəb Dövlətləri Liqasının və digər regional təşkilatların cəlb olunması ideyası gündəmdədir.
Rusiyanın Fars körfəzi ölkələri arasında kollektiv təhlükəsizlik sisteminin yenilənməsinə və regional dialoqun genişləndirilməsinə yönələn strategiyası hansı perspektivlər vəd edir? Moskva bu təşəbbüslə regionda hərbi gərginliyin azaldılmasına və öz siyasi təsirinin gücləndirilməsinə nail ola bilərmi? ABŞ-ın bölgədəki mövqeyini, İranla ərəb ölkələri arasındakı münasibətləri və mövcud təhlükəsizlik ziddiyyətlərini nəzərə alsaq, belə bir kollektiv təhlükəsizlik mexanizminin reallaşması nə dərəcədə mümkündür?
Züriyə Qarayeva: "Moskvanın regionun təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişmək imkanları məhduddur"
Politoloq Züriyə Qarayeva Rusiyanın Fars körfəzində kollektiv təhlükəsizlik sisteminin yenilənməsi təşəbbüsünü "Bakı-Xəbər" qəzetinə şərh edərkən bildirib ki, bu addım Moskvanın regionda diplomatik fəallığını artırmaq və Yaxın Şərqdə siyasi təsir imkanlarını genişləndirmək strategiyasının tərkib hissəsidir.
Onun sözlərinə görə, Rusiya anlayır ki, regionda hərbi qarşıdurmaların yenidən alovlanması ayrı-ayrı dövlətlərin təhlükəsizliyi ilə yanaşı, beynəlxalq enerji bazarlarına və xüsusilə Hörmüz boğazından keçən strateji nəqliyyat marşrutlarına ciddi təhdid yaradır. Bu baxımdan, Moskva özünü regional ziddiyyətlərin həllində vasitəçi kimi təqdim etməyə çalışır. İordaniya, İraq və Ərəb Dövlətləri Liqasının prosesə cəlb edilməsi isə təşəbbüsün coğrafi və siyasi əhatəsini genişləndirmək məqsədi daşıyır.
Politoloq qeyd edib ki, Rusiyanın əsas hədəflərindən biri ABŞ-ın bölgədəki ənənəvi təhlükəsizlik roluna alternativ diplomatik platforma formalaşdırmaqdır. Bununla belə, Moskvanın belə bir təşəbbüslə çıxış etməsi onun regionda təhlükəsizliyin əsas təminatçısına çevriləcəyi demək deyil.
Züriyə Qarayeva hesab edir ki, təşəbbüsün reallaşması qarşısında ciddi geosiyasi maneələr mövcuddur. Fars körfəzinin ərəb dövlətləri ilə ABŞ arasında uzun illər ərzində formalaşmış hərbi və təhlükəsizlik əməkdaşlığı Rusiyanın imkanlarını məhdudlaşdırır. İranla ərəb ölkələri arasında müəyyən diplomatik yaxınlaşma olsa da, qarşılıqlı etimadsızlıq, regional təsir uğrunda rəqabət və təhlükəsizlik maraqlarındakı fərqlər qalmaqdadır.
Onun fikrincə, İranın regional silahlı qruplarla əlaqələri və Hörmüz boğazının təhlükəsizliyi məsələsi ortaq mexanizmin yaradılmasını çətinləşdirən əsas amillərdəndir. Rusiya bir tərəfdən İranla münasibətlərini qorumağa, digər tərəfdən isə ərəb dövlətlərinin etimadını qazanmağa çalışır. Bu iki istiqamət arasında balans saxlamaq Moskva üçün mürəkkəb vəzifədir.
Politoloq vurğulayıb ki, yaxın perspektivdə vahid kollektiv təhlükəsizlik sisteminin yaradılmasından daha çox, məhdud regional məsləhətləşmələrin və diplomatik dialoqun genişlənməsi real görünür. Moskva bu prosesdən müəyyən siyasi dividendlər əldə edə bilər, lakin regionun təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişdirmək imkanları məhduddur.
Akif NƏSİRLİ