ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinin texniki qrup səviyyəsində aparıla biləcək üçtərəfli Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib.
"Həmçinin ümid edirəm ki, bu gün Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllində növbəti addımları müzakirə etmək imkanımız olacaq. Həmçinin ümid edirəm ki, Ukrayna, Rusiya və ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqların bərpası imkanını nəzərdən keçirəcəksiniz və bu danışıqlar çərçivəsində nizamlanmaya nail olmaq üçün növbəti addımları müzakirə edə biləcəyik", - deyə o, Putinlə görüşdə bildirib.
Uitkoffun sözlərinə görə, bunlar texniki qrupların nümayəndələri və bu məsələləri ətraflı müzakirə edəcək mütəxəssislər ola bilər. "Bu gün bu məsələ ilə bağlı yekun cavab və ya qərara gəlmək imkanımız olmasa belə, düşünürəm ki, belə bir təklifi nəzərdən keçirə bilmək üçün bunu müzakirə etmək yaxşı olardı", - deyə Uitkoff vurğulayıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin həllinə yanaşmaları müəyyən edən sənədlər gətirdiyini açıqlayıb. "Biz də öz növbəmizdə Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün yanaşmaları müəyyən edən bir neçə sənəd gətirmişik. Cənab Prezident, xahiş edirəm ki, bu sənədləri bir az sonra nəzərdən keçirib araşdırasınız", - deyə Uitkoff bildirib.
O, həmçinin ABŞ Prezidentinin elçisi Cared Kuşnerin tezliklə görüşə telefonla qoşulacağını bildirib.
Tahir TAĞIYEV