Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il sentyabrın 30-na 74 milyard 4 milyon ABŞ dolları və ya 125 milyard 807 milyon manat təşkil edib. Fondun yaydığı məlumata görə, 2026-cı ilin əvvəlində bu göstərici 73 milyard 542 milyon ABŞ dolları səviyyəsində olub.
Yaxın Şərqdə dərinləşən böhran səbəbindən Azərbaycan nefti bu il 70 faiz civarında bahalaşıb, ciddi bahalaşma qazda da baş verməkdədir. Amma ümumilikdə mənfəət neftinin və qazın satışından cəmi 3,7 faiz artım var.Yəni bu rəqəm 6 milyard 880,9 milyon manatdan 7 milyard 135,7 milyon manata yüksəlib. Bahlaşma olsa da neft hasilatında azalma var. Nətcə etibarı ilə Fondun aktivlərində cəmi 462 milyon dollar (0.63 faiz) artım müşahidə olunub. Qurumun hesabat dövründəki ümumi gəlirləri 12 milyard 341 milyon manatı ötüb: "Sözügedən müddətdə Fondun neft-qaz layihələrindən əldə etdiyi gəlir 8 milyard 740.6 milyon manat, vəsaitlərin idarə olunmasından qazancı isə 3 milyard 600.7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681.2 milyon manat olub". Büdcə xərcləri aşağıdakı kimi bölüşdürülüb: Dövlət büdcəsinə 9 milyard 628 milyon manat vəsait transfert edilib. İcrası davam edən bir sıra layihələrə, o cümlədən təhsillə bağlı dövlət proqramlarına bütövlükdə 27.7 milyon manat ayrılıb. Fondun inzibati idarə edilməsinə isə 25.5 milyon manat xərclənib. Hesabatda büdcədənkənar xərclərə də toxunulub: "Qızılın qiyməti və valyuta məzənnələrinin dəyişməsi səbəbindən hesabat dövründə 1 milyard 874 milyon manatlıq büdcədənkənar xərc yaranıb".
1999-cu ildə yaradılan ADNF qurulduğu gündən ötən ilin sonuna kimi ümumilikdə 217.3 milyard dollar gəlir əldə edib, builki 12 milyard manat bura daxil deyil. Bu vəsaitin 198.4 milyard dolları neft-qaz sazişlərindən, 18.9 milyard dolları isə investisiya gəlirlərindən formalaşıb. Dövlət Neft Fondunun aktivləri əsasən neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlər, mənfəət neftinin satışından daxilolmalar, tranzit gəlirləri və fondun investisiya fəaliyyətindən əldə edilən gəlirlər hesabına formalaşır. Bu vəsaitlər müxtəlif maliyyə alətlərinə və investisiya istiqamətlərinə yerləşdirilir. Buraya dövlət istiqrazları, səhmlər, qızıl, daşınmaz əmlak və digər investisiya alətləri daxil ola bilər. Aktivlərin idarə edilməsində əsas məqsəd yalnız gəlir əldə etmək deyil, həm də kapitalın qorunmasını təmin etmək, riskləri azaltmaq və uzunmüddətli dövrdə sabit gəlirlilik yaratmaqdır. Buna görə investisiya qərarları beynəlxalq maliyyə bazarlarının vəziyyəti, inflyasiya, faiz dərəcələri və qlobal iqtisadi dəyişikliklər nəzərə alınmaqla qəbul edilməlidir. Aktivlərin müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi mümkün itkilərin təsirini azaltmağa kömək edir. Dövlət Neft Fondunun aktivləri Azərbaycanın makroiqtisadi sabitliyinin qorunmasında mühüm əhəmiyyətə malikdir. Neft və qaz gəlirləri dünya bazarlarında enerji qiymətlərindən asılı olduğuna görə bu gəlirlər hər il eyni səviyyədə olmur. Fondun vəsaitlərinin dövlət büdcəsinə transfertlər vasitəsilə yönəldilməsi sosial proqramların, infrastruktur layihələrinin və digər dövlət xərclərinin maliyyələşdirilməsinə kömək edir. Bununla yanaşı, transfertlərin həcminin düşünülmüş şəkildə müəyyənləşdirilməsi vacibdir. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri təbii sərvətlərdən əldə edilən gəlirlərin gələcək nəsillər üçün qorunmasıdır. Neft və qaz ehtiyatları məhdud olduğundan bu resurslardan əldə edilən gəlirlərin yalnız cari istehlaka sərf edilməsi uzunmüddətli inkişaf üçün kifayət etmir. Vəsaitlərin bir hissəsinin investisiya şəklində saxlanılması gələcəkdə də ölkənin maliyyə imkanlarının mövcud olmasına şərait yaradır. Bu yanaşma nəsillərarası ədalət prinsipinə əsaslanır.
Ramil QULİYEV