Turan Rzayev: “CHP millət vəkilinin bu açıqlaması AKP iqtidarının iç üzünü göstərir”
Akif Nağı: “Türkiyənin daxilində siyasi mübarizə gedir”
Türkiyə Böyük Millət Məclisində çıxış edən Cümhuriyyət Xalq Partiyasının sədr müavini Gökhan Günaydın hakim AK Partiyanın xarici siyasət kursunu kəskin şəkildə tənqid edib. O, hökumətin regional məsələlərdəki mövqelərindən geri çəkildiyini bildirib. Gökhan Günaydın xarici işlər naziri Hakan Fidanın xarici siyasət hesabatını və “Türkiye Yüzyılı'nda Etkin ve Kararlı Dış Politika” kitabını tənqid edib. Günaydın hökumətin xarici siyasətdə "effektiv və hörmətli" mövqe iddia etdiyini, lakin real addımlarda ziddiyyətlər və uğursuzluqlar yaşandığını deyib.
“Büdcələrini müdafiə etmək üçün hörmətli nazirlər məclisdədir. Hakan Fidanı uzun-uzadı dinlədik. Hakan bəy deyir ki, Türkiyə beynəlxalq arenada inkişafları formalaşdıran təsirli bir aktyor kimi hörmətli mövqeyini davam etdirir. Bir də “Türkiye Yüzyılı'nda Etkin ve Kararlı Dış Politika” adlı kitab yayınlayıblar. İndi bu kitabda tapa bilmədiklərimi və hörmətli nazirin çıxışlarında eşitmədiklərimi burada paylaşacağam. Gəlin təsirli və qətiyyətli xarici siyasətin necə olacağına baxaq. Məsələn, “İstanbul seçkilərində Binəli Yıldırıma, yoxsa Sisiyə səs verəcəksiniz?”deyirdiniz.Hamınız “tıpış-tıpış”Misirə Sisinin ayağına getdiniz və onun ayaqlarına ilişib qaldınız, elə deyilmi? Budur, qətiyyətli siyasət? Rusiya təyyarəsinin vurulmasından sonra əvvəlcə onu “kim vurdu” deyə bir-birinizlə yarışdınız. Bombalı ritorika həftəsi bitdikdən sonra “tıpış-tıpış” Putinin ayağına getdiniz, Rusiya televiziyasında canlı yayımda dəqiqələrlə ayaqda gözlətildiniz . Budur, sayğın siyasət?
“Bu can bu bədəndə durduqca rahib Brasonu kimsə məndən ala bilməz” deyirdiniz (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə ABŞ ilə yaşanan diplomatik böhran zamanı amerikalı rahib Endryu Branson (Andrew Brunson) haqqında dediyi məşhur (“heç kim o terrorçunu ala bilməz”) sözlərə istinaddır).
Tramp zəng edən kimi Branson qanadlandı. İndi sizdən soruşuram: Əgər rahib bir din adamı idisə onu niyə həbs etdiniz? Əgər rahib bir casusdursa, onu niyə sərbəst buraxdınız? Tramp sizinlə üz-üzə gəldi. Hamınız sıraya düzülüb aşağı baxdınız. Tramp bunu sizə xatırlatdığım zaman heç üzünüz qızarmadımı? Budur, sayğın siyasət? İsveç və Finlandiyanı birini terror təşkilatına kömək etmək və o birini Qurani-Kərimi yandırmaq ittihamı ilə əsla, NATO-ya almayacağıq dedini.
Sonra gedib ən həvəsli şəkildə NATO müqaviləsinə imzalanı siz atmadınızmı, qardaşım? Hollandiyanın Baş naziri Mark Ruttenin dövründə daxili işlər nazirimizin ölkəyə girməsinə icazə vermədilər. Ailə nazirinizi deportasiya etdilər. Sonra, eyni Mark Ruttenin NATO-nun Baş Katibi təyin edilməsi üçün müqaviləni ilk imzalayan siz olmadınızmı, qardaşım? Budur, sayğın xarici siyasət? Birləşmiş Ərəb Əmirliklərini çevrilişin maliyyəçisi elan etdiniz. Sonra, Birləşmiş Ərəb Əmirliklərinin qapısında pul dilənərkən - bunu deməkdən çox üzülürəm, amma - heç utanmadınızmı? Bu sözləri heç xatırlamadınmı?”-deyə CHP-çi millət vəkili vurğulayıb.
G.Günaydının AKP iqtidarının xarici siyasəti ilə bağlı kəskin ifşaedici fikirlər səsləndirməsinə şərh verən politoloq Turan Rzayev baki-xeber.com-a bildirdi ki, millət vəkinin səsləndirdiyi fikirlər reallığı əks etdirir: “CHP millət vəkilinin bu açıqlaması AKP iqtidarının iç üzünü göstərir. AKP həqiqətən də bu vəziyyətdədir. Əvvəlcə verdikləri o ehtişamlı bəyanatlarlarla, sözlərlə bağlı daha sonra geri addım atırlar. Özü də bunu daha utancverici formada edirlər. Bəli, Sisi ilə bağlı çox sərt ittihamlar səsləndirdilər, daha sonra Sisinin ayağına getdilər, Putinlə bağlı da eyni vəziyyət oldu. Açığı, sizə bir söz deyim, Azərbaycanla bağlı da belə bir şey olacağını düşünürəm. Rəsmi Bakının Türkiyə ilə heç bir problemi yoxdur. Yəni burada bizim mövqeyimiz AKP-nin apardığı yanlış siyasətə qarşıdır. Amma faktiki olaraq, görəcəksiniz ki, bənzər bir hal olacaq. Yəni AKP hakimiyyəti Azərbaycanda tətbiq etdiyi siyasətdə də geriyə addım atacaq və bənzər formada açıqlamalar irəli sürəcək.
Amma ümid edirik ki, bu gec olmayacaq. Faktiki olaraq biz də oturub düşünməliyik ki, Türkiyədəki bu propaqanda davam edir. Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib və bu barədə məlumat ictimaiyyətə də təqdim olunub.
Yəni bu həm də Türkiyə ilə viza rejiminə də yenidən baxılması məsələsini gündəmə gətirir. Belə şəxslərin Azərbaycana gediş-gəlişinə icazə vermək olmaz. Xatırlayırsınızsa, İstanbulda da bir-iki gün əvvəl bir hadisə oldu, İsrail vətəndaşı olan bir xanıma qarşı guya etiraz aksiyası keçirdilər. Sual yaranır ki, bu qadın İsrail vətəndaşı və İsrail ordusunun üzvüsüdürsə onda necə Türkiyəyə rahatca gəlib gedə bilir? Azərbaycan bu məsələdə daha təmkinlidir. Türkiyədən belə bir şəxsin Azərbaycana gəlib getməsinin qarşısını biz yəqin ki, alacağıq. Bununla bağlı da əgər vəziyyət bu cür davam etsə, viza rejiminin tətbiqi məsələsinə yenidən baxıla bilər. Əlbəttə biz Türkiyə dövləti və xalqı ilə heç zaman problemlərimizin olmasını istəmirik. Türkiyə bizim qardaş ölkəmiz, türk xalqı qardaşımızdır. Amma bir ölkənin və yaxud bir xalqın qardaşımız olması oradakı iqtidarın da bizimlə eyni düşüncədə olduğu mənasına gəlmir. AKP bu olaraq yanlış siyasət və bu siyasət xəttində nəticəsini görürük. Əslində bu CHP millət vəkilinin o videoda səsləndirdiyi fikirlər faktiki olaraq bunun bariz sübutudur. Yəni açıq-aydın burada görünür ki, AKP yalnız pafos və anlıq situasiya üzərindən siyasət aparır. Bu, dövlətçilik ənənəsini sığmayacaq qədər çox kobud səhvdir”.
T.Rzayevin fikrincə, Türkiyə dövlətinin AKP iqtidarından daha çox dərin, daha çox köklü bir sistemi var və görünür ki, artıq AKP bu sistemin yükünü daşıya bilmir. “Ona görə də yəqin ki, Türkiyə xalqı da növbəti mərhələdə bu məsələyə daha ciddi yanaşacaq və seçkilərdə AKP-nin məğlubiyyətini görəcəyik”-deyə T.Rzayev vurğualdı.
Azad Vətən Partiyasının sədri Akif Nağı isə baki-xeber.com-a açıqlamasında məsələyə fərqli yanaşdı. “Türkiyənin daxilində siyasi mübarizə gedir. Müxalif qanadın nümayəndəsi Türkiyənin daxili və xarici siyasətilə bağlı nə isə tapmağa çalışır. Burada Türkiyənin xarici siyasətinə vurğu edib. Bunun içində təbii ki, həm qrup, siyasi partiya maraqları var, həm də ola bilər ki, hətta AKP-nin daxilində də kimlərsə Ərdoğanın, yaxud Hakan Fidanın xarici siyasətindən narazı olsun, fikirlər səsləndirsin, müəyyən faktlar gətirsin. Belə bir ifadə var, müəyyən bir məqamda siyasətdə dövlətin maraqlarına uyğun olaraq geriyə addım atmaq da, nə isə dəyişmək də, manevr etmək də olar. Bu da xarici siyasət siyasət sahəsində mümkündür. Yəni bir xətt götürüsən ki, “yox, belə bir olmalıdır” deyib onun üzərində dayanırsan, onunla da məncə, xarici siyasətdə qiymət vermək doğru deyil. Burda hardasa bir qərəzli mövqe özünü göstərir. Çalışırlar ki, nəyin bahasına olursa- olsun, bir mənfi cəhət axtarıb tapsınlar. Baxırıq ki, çox ciddi bir məsələləri yoxdur. Tutaq ki, Amerika prezidenti, yaxud Fransa və Misir prezidenti ilə bağlı hansısa bir məsələdə güzəştə gedildi. Yəni burada söhbət ondan gedir ki, müəyyən məqamda mövqe, fikir dəyişə bilər. Bu bütün dünyada xarici siyasətin xüsusiyyətlərindən biridir. Ona görə də hesab edirəm ki, bu şəkildə Türkiyənin xarici siyasətinin üzərinə yerimək düzgün deyil. Türkiyənin xarici siyasəti kifayət qədər çevikdir. Bu gün dünyada mürəkkəb proseslər gedir. Amma əsas nəticə bundan ibarətdir ki, uğurlu xarici siyasət yetdiyinə görə bu gün Türkiyə söz sahibidir. Yəni zaman-zaman Azərbaycanla müəyyən məsələlərdə fikir ayrılığı olur. Amma hər dəfə bir-birini başa düşüblər və çalışıblar ki, hansısa fikir ayrılığı qarşıdurmaya gəlməsin, düşmənləri sevindirməsin. Müxtəlif ölkələrlə, dövlətlərlə də həmçinin. Hesab edirəm ki, Türkiyənin regionda mövqeyi hesablaşırlar. Türkiyə dünya üçün çox ciddi təhlükə, təhdid olan münaqişələrin nizama salınmasında kifayət qədər uğurla fəaliyyət göstərir. İstər Rusiya-Ukrayna münasibətlərində, istər Yaxın Şərqdə mövqeyi aydındır, istər İran və digər məsələlərdə kifayət qədər obyektiv və düzgün mövqe tutur. Ona görə hesab edirəm ki, Türkiyənin, Ərdoğanın və Hakan Fidanın xarici siyasətinə bu qədər qərəzli şəkildə yanaşmaq o qədər də reallığı əks etdirmir”-deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA