Xəyyam Səfixanov: "Kərbəlayi Səfixanın Quranı və vəsiyyətnaməsi evimizdə qorunub saxlanılır"
Rizvan Qarabağlı: "Təklif edirəm ki, Şuşaya gedib Mirzə Həsən qəbristanlığında Səfixan Qarabağinin məzarını axtarıb tapaq"
İzlər bizi keçmişin Şuşasına, dağların ovcunda binələnən əsrarəngiz bir gözəlliyə çəkib aparır. Şuşanı xəyalən gəzib dolaşarkən gözlərimiz önündə canlanan füsunkarlıq üçün yalnız təbiətə minnətdarlıq etmirik, həm də daşlara nəfəs verib bu gözəlliyi var edən memar Kərbəlayi Səfixan Qarabağinin ruhunu minnətdarlıqla yad edirik.
"Tikmədim özüm qalam, tikdim ki, izim qala" deyimi bir memarın, yaradıcı insanın xalqına qoyub getdiyi mənəvi irsin əbədiyən yaşayacağını var edən dərin həyat fəlsəfəsidir. Qarabağ memarlıq məktəbinin banisi kimi adını tarixə yazdıran Kərbəlayi Səfixan Qarabağinin tikib-yaratdıqlarını göz özünə gətirərkən bu fəlsəfənin mahiyyətini daha da içdən anlayırıq.
Qarabağinin şah əsərlərindən olan Yuxarı Gövhər ağa məscidi erməni tapdağında olarkən və saxtakarcasına "fars məscidi" kimi qələmə verilərkən yalnız bizim ürəyimiz sızıldamadı, etirazımız, səsimiz aləmi bürümədi, həm də Kərbəlayi Səfixanın ruhu incidi, məzardakı sümükləri sızıldadı...Canından can qatdığı, ilhamının gücündən, əllərinin qüdrətindən, içindəki iman eşqindən yaratdığı, tikdiyi Yuxarı Gövhər ağa məscidi Qarabağ zəfərindən sonra yenidən azadlığa qovuşdu, yenidən bərpa olundu, Səfixan Qarabağinin də ruhu dinclik tapdı, səadətə qovuşdu.
Sənətkarlığı ilə Qarabağda böyük şöhrət qazanan bənna Sultanhüseynin ocağında 1817-ci ildə bir oğlan uşağı dünyaya gəldi, adını Səfixan qoydular. Səfixan adını atası təsadüfən qoymamışdı oğluna, bu adın böyük mənası vardı və bəlkə də gələcəkdə daşıyacağı statusa bir işarə idi. "Səfi"-təmiz, pak, "xan"-hökmdar, rəhbər anlayışını ifadə edir.
Səfixan atasının əllərinin sığalından yaranan binalara, tikililərə böyük maraqla baxır, özünün də gələcəkdə inşa edəcəyi tikilillərin, sənət əsərlərinin xəyalını qururdu. İllər keçəcəkdi Sulatanhüseynin oğlu nəinki Azərbaycanın, eləcə də Qafqazın, türk dünyasının və Yaxın Şərqin ünlü memarı olacaqdı, Qarabağ memarlıq məktəbinin özülünü, himini qoyacaqdı.
17 məhəlləli Şuşanın hər qarışında Kərbəlayi Səfixan Qarabağinin göz oxşayan, könül açan, qürurverən sənət əsərləri var. O, yaşayış evləri, məscidlər və hamamlar, karvansaralar tikib.
Ömrünün 35 ilini, həyatının əhəmiyyətli payını Kərbəlayi Səfixan Qarabağinin həyatı və yaradıcılığını tədqiqinə həsr edən memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı bildirdi ki, Səfixan Qarabaği 93 yaşında dünyasını dəyişib və Şuşanın tarixi Mirzə Həsən məzarlığında uyuyur.
R.Qarabağlının yazılarından, kitabından və söhbətlərindən Kərbəlayi Səfixan Qarabağininin necə nəhəng bir memar olduğunu öyrəndik. Ona görə də, belə bir sənətkarı hər gün yada salsaq azdır. Əslində, Şuşada və Qarabağın digər ellərində inşa etdiyi məscidlər, bulaqlar, hamamlar, karvansaralar, yaşayış evləri dahi memarı yaşadır...Şuşanın, külli Qarabağın elə bir yer tapmaq çətindir ki, orada dahi memardan bir nişanə olmasın. Kərəbəlayi Səfixan nam-nişanı bəlli kişilərdəndir. Kərbəlayi Səfixan Qarabaği daşlara tarix yazan dahi bir memardır. Qarabaği özündən sonra elə bir tükənməz irs qoyub gedib ki, gələcık nəsillər də onunla qürur duyacaq. Onun yaratdığı daş tarix nəsildən-nəsilə keçib sənətkarın izlərindən soraq verəcək.
Bu günlərdə Rizvan Qarabağlı və Qarabağinin şəcərəsinin davamçıları-Xəyyam Səfixanov, İqbal Səfixanov, Eldar Yusifoğlu ilə görüşüb dahi memar barədə ətraflı danışdıq.
Sözün açığı, bu görüşdən gözləntilərimiz çox idi. Elə zənn edirdik ki, Qarabaği barədə hələ gün işığına çıxmayan məlumatları
Səfixanovlar tayfasının ağsaqqalı Xəyyam müəllim bizə çatdıracaq. Adətən belə böyük şəxsiyyətlər barədə mənbələrdə əks olunmayan məlumatları xatirələrdən öyrənirik. Çünki əhvalatlar nəsildən-nəsilə, ağızdan-ağıza ötürülür, yaşlı nəsil bildiyini özündən sonra gələnlərə danışır, bunla da tarixi şəxsiyyətlər barədə təsəvvür yaranır.
Çox təəssüf ki, Xəyyam Səfixanovdan ulu babası, XIX əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi Kərbəlayi Səfixan Qarabaği barəsində elə də geniş məlumat ala bilmədik. Səfixanovlar inciməsinlər, onlarda Qarabaği irsinə bir laqeyidlik, diqqətsizlik də hiss etdik. Bəlkə də belə deyil, səhv düşünürük. Amma məktəb yaradan bir dahi memar, şəxsiyyət baradə azdanda az məlumatlarının olması bizi bir anlıq da olsun belə düşünməyə məcbur etdi.Xəyyam müəllim bizimlə söhbətində dedi ki, ulu babası barədə elə də geniş məlumatları yoxdur, amma onun inşa etdiyi məscidlər, bulaqlar, yaşayış evləri haqda bilgiləri var. Kərbəlayi Səfixan haqda atası Böyükkişidən eşitdiyini deyən Xəyyam müəllim bildirir ki, ona da bu əhvalatları nənəsi Şövkət xanım danışıb. Şövkət xanım Kərbəlayi Səfixanın gəlini olub. O, qayınatası barədə söhbətlər edərmiş, amma təəssüf ki, o xatirələrin heç biri qələmə alınmayıb. Nədən qələmə, alınmayıb, nədən yaddaşlarda saxlanılmayıb, bilinmir. Bəlkə də bu Sovet rejiminin, bolşevik represiya maşının insanlarda yaratdığı vahimənin, qorxunun yaratdıqlarıdır ki, Kərbəlayi Səfixanla bağlı xatirələri yaddaşlarında belə, qorumağa çalışmayıblar. Bəlkə də, qaçqınçılığın, köçkünçülüyün gətirdiyi zülüm üzündən memar babaları haqda xatirələrə kölgə düşüb. "Mənim ulu babam barədə məlumatım çox azdır. Kərbəlayi Səfixanın Quranı və vəsiyyətnaməsi evimizdə qorunub saxlanılır. Kərbəlayi Səfixanın üç övladı-Xurdşud adlı qızı, Əkbər və Gülməmməd adlı oğulları olub. Xurşudun Yusif, Əkbərin Məhəmməd, Gülməmmədin isə Rəxşəndə, Məmmədhəsən və Əhməd adlı övladları var idi".
Xəyyam müəllimin ən böyük arzusu Şuşaya qayıdıb ailəsi ilə birlikdə öz doğma şəhərində yaşamaqdır.
Usta Sultanhüseyn oğlu memar Kərbəlayi Səfixan Qarabağinin soy ağacının budaqları günümüzə qədər gəlib çatıb, amma ocağında bir nəfər də olsun yolunun davamçısı yoxdur.
Memar barəsində ən geniş məlumat sahibi şübhəsiz ki, Rizvan Qarabağlıdır. "Elə oldu ki, Şuşa işğal olundu və şuşalıların bir qismi Bakıya gəldi. Mən Kərbəlayi Səfixanın izlərini axtarırdım. Bir Səfixanovlarla tanış oldum onlar mənə dedilər ki, biz o Səfixanovlar deyilik. Onlar mənə Buzovnadakı Dalğa panisonatını nişan verdilər, gedib orada Səfixan Qarabağinin nəticəsi Böyükkişi ilə görüşdüm. O mənə bəzi məlumatlar verdi, ailələrinə aid fotolar göstərdi. O da eşitdiyini danışdı. Onu da dedi ki, o vaxt hətta Səfixanın bir sandıq memarlıq layihəsini ailə üzvləri qorxudan yandırıblar. Beləliklə, həmin layihələr məhv olub gedib. Onu da xatırlayıram ki, Böyükkişi Səfixanov ulu babası ilə bağlı Firudun Şuşinskiyə məktub yazmışdı. Sonra o məktubu Firudun müəllimdən aldım".
R.Qarabağlı dedi ki, Kərbəlayi Səfixan çox böyük memardır və çox böyük irs qoyub gedib. "Qarabağdan başlamış Aşqabada, Odessaya qədər çox yerdə onun sənət əsərləri var. Odessada Tatar Məscidi inşa edib. Aşqabadda tikdiyi məscid və digər yaratdığı abidələr tarixə şahidlik etməklə yanaşı həm də, Səfixanın Şərq memarlığının inkişafında oynadığı rolu göstərir.
Bizim bu görüşümüzün səbəbi aydındır. Təklif edirəm ki, Şuşaya gedib Mirzə Həsən qəbristanlığında Səfixan Qarabağinin məzarını axtarıb tapaq. O orada oğlanlarının yanında dəfn edilib. Qar yağmamış, izlər itməmiş biz bu işi görməliyik. Mirzə Həsən qəbristanlığında onun övladlarından birinin məzarını tapsaq, ehtimal ki, həmin ərazidə Səfixan Qarabağinin də məzarını müəyyənləşdirə bilərik. Mən bu məsələni əvvəl də demişəm ki, əgər Şuşada onun adına küçə verilibsə, deməli, bundan sonra bu böyük memarın xatirəsinin yaşadılması istiqamətində daha böyük işlər görülməlidir. Adına küçə verilməsi ilə kifayətlənmək olmaz. Əvvəlcə məzarının yerini müəyyənləşdirməli, ərazini təmizləyib abadlaşdırmalı, daha sonra onun xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq addımlar atmalıyıq. Səfixanın məzarüstü abidəsinin qoyulmasından, eyni zamanda Şuşada heykəlinin ucaldılmasından da söhbət gedə bilər ki, bu olduqca vacibdir. Şuşanın o məhəlləsi, o yeri yoxdur ki, orada Səfixanın izi olmasın. Şuşada həmçinin Səfixan Qarabağinin xatirə muzeyi də yaradılmalıdır ki, Şuşanın qonaqları bu şəhərdə saysız sənət inciləri miras qoyub getmiş şəxsiyyətin həyat və yaradıcıcılığı barədə geniş məlumat ala bilsinlər.
Bunlar mənim təkliflərimdir"-deyə Rizvan Qarabağlı bildirdi.
R.Qarabağlı qeyd etdi ki, Kərbəlayi Səfixanın Qarabağ memarlığının inkişafında, Şuşanın yenidən bərpa olunmasında xüsusi xidmətləri olub. Şuşanın rəmzinə çevrilmiş məşhur Gövhər ağa məscidinin xonçaşəkilli kitabəsində bu sözlər yazılıb: "Qarabağlı memar Kərbəlayi Səfixanın işidir (1883)".
Şuşada Aşağı Gövhər Ağa məscidi (1889-1890), məhəllə məscidləri, mədrəsələr, imarətlər, hamamlar və s. Kərbəlayi Səfixan tərəfindən inşa edilib.
Alim qeyd etdi ki, 1868-ci ildə Bərdədə tikdiyi İmamzadə məscidi Azərbaycanda ilk dördminarəli məbəddir. Şuşalı memarın yaratdığı gözəl sənət əsərlərinə Füzulidə, Ağdamda, Tərtərdə, digər rayonların kənd və qəsəbələrində də rast gəlinir.
R.Qarabağlı onu da bildirdi ki, Kərbəlayi Səfixan Qarabaği 93 yaşında, yəni 1910-cu ildə Şuşanın Saatlı məscidini təmir edərkən minarədən yıxılaraq həyatını itirib.
R.Qarabağlının sözlərinə görə, Gövhər ağa məscidləri və Saatlı məscidi Səfixan Qarabainin şah əsərlərindəndir. R.Qarabağlı Kərbəlayi Səfixan Qarabağinin 1878–1880-ci illərdə Bazar başında Şuşanın Merdinli məhəlləsinin başlanğıcında Xurşidbanu Natəvanın Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə sifarişi ilə tikdiyi Şirin su hamamın barədə də danışdı.
Rizvan müəllim dedi ki, Şuşa azad olunandan sonra memar Kərbəlayi Səfixanın
Mamayı və Saatlı məhəllələrində tikdiyi məscidlər, o cümlədən də Yuxarı və Aşağı Gövhər ağa məscidləri Heydər Əliyev fondu tərəfindən bərpa olunub.
Tarixi Şuşa şəhərinin vizit kartına çevrilən bu abidələr memar Kərbəlayi Səfixan Qarabağinin dünəndən bu günə ünvanladığı daş məktublardır ki, nə zamanın küləkləri, tufanları, nə də başqa bir nəsnə onları silə bilməyəcək, o daş məktubları bu gün biz, sabah da bizdən sonra gələnlər oxuyacaq və öz ulu babasının mirasına sahib çıxacaqlar.
Ümid edirik ki, R.Qarabağlının təklifinə uyğun olaraq, Kərbəlayi Səfixan Qarabağinin məzarının axtarılıb tapılması yönündə işlər başladılacaq, Səfixanovlar aidiyyəti qurumlara müraciət edəcək və dahi memarın məzarının xalqın ziyarət ünvanına çevrilməsinin şahidi olacağıq...
İradə SARIYEVA