Rəşad Bayramov: “Bu, Alyansın Rusiyanın dəyişən döyüş qabiliyyətini ciddi qəbul etdiyini göstərir, lakin bunu qorxu və ya...”
NATO-nun Çevrilmə üzrə Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Vandye Rusiya ordusunun təhlükəliliyi barədə danışıb:
“Biz rusiyalıların döyüş əməliyyatlarını aparma tərzində ciddi dəyişikliklər gördük. Rəqib artıq 2022-ci ildəki kimi deyil. Onlar hazırlıq keçiblər. Çoxlu sayda insan həlak olub. Onlar öyrənirlər, uyğunlaşırlar. Məsələn, siz “Geran” dronlarının timsalında görürsünüz ki, onlar yeni standartları çox fəal şəkildə tətbiq edirlər. Onlar təşəbbüskardırlar, kreativdirlər və məhz buna görə də təhlükəlidirlər. Bu səbəbdən biz onlardan daha üstün olduğumuzu nümayiş etdirməliyik”.
Açıq görünür ki, NATO Rusiyanı praktik döyüş təcrübəsindən narahatdır. Həm də ilk dəfədir ki, Rusiyanın hərbi hazırlığı NATO-nu qorxuya salıb.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Rusiya ordusunun Ukraynada apardığı müharibə nəticəsində döyüş təcrübəsi qazanması, taktiki yanaşmalarını dəyişdirməsi və pilotsuz uçuş aparatlarından istifadəsini genişləndirməsi şübhəsiz NATO-nun hərbi planlaşdırmasında nəzərə alınmalı olan mühüm amillərdir: “NATO-nun Çevrilmə üzrə Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı general Pyer Vandyenin Rusiya qüvvələrinin uyğunlaşma qabiliyyətinə dair fikirləri də bu reallığın qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Burada söhbət əslində Rusiyanın əvvəlkindən daha güclü olub-olmamasından da getmir. Əsas məsələ müharibənin Rusiyanın hərbi imkanlarını və döyüş üsullarını necə dəyişdirməsi ilə bağlıdır. 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı hücumun başlanmasından sonra Rusiya ordusu həm ciddi itkilərlə üzləşib, həm də döyüş meydanında yeni təcrübə toplayıb. Uzunmüddətli müharibə qoşunların idarə olunması, pilotsuz sistemlərin tətbiqi, elektron mübarizə, artilleriya atəşinin təşkili və müdafiə xətlərinin qurulması sahələrində dəyişiklikləri sürətləndirib. Xüsusilə kəşfiyyat dronlarının zərbə vasitələri ilə əlaqələndirilməsi, pilotsuz aparatların kütləvi istifadəsi və mövcud texnikanın döyüş şəraitinə uyğunlaşdırılması müasir müharibənin xarakterini əks etdirir. Odur ki, Rusiyanın pilotsuz uçuş aparatları sistemlərini təkmilləşdirməsi, tətbiq taktikasının dəyişdirməsi və digər silahlarla əlaqələndirməsi NATO üçün də əməliyyat və müdafiə planlaşdırması baxımından ciddi dərslər yaradır”.
R.Bayramova görə, amma Rusiyanın döyüş təcrübəsi qazanması o demək deyil ki, bu, NATO-nun qorxuya düşməsinə səbəb olub: “Alyans onsuz da Soyuq müharibə dövründən bəri Rusiyanın hərbi potensialını və Avropada yaratdığı təhlükəsizlik çağırışlarını nəzərə alır. Hazırkı fərq ondadır ki, Ukraynadakı müharibə Rusiya ordusunun real döyüş şəraitində öyrənmə və uyğunlaşma imkanlarını daha aydın göstərib. Bu təcrübənin nəticələri NATO ölkələrini müdafiə sənayesinin istehsal gücünü artırmağa, sursat ehtiyatlarını genişləndirməyə və pilotsuz sistemlərə qarşı mübarizə vasitələrini təkmilləşdirməyə sövq edir.
Digər mühüm məqam Rusiyanın hərbi uyğunlaşmasının NATO üçün yaratdığı asimmetrik çətinliklərdir. Alyansın texnoloji üstünlüyü olsa da, yüksək dəqiqlikli silahların və mürəkkəb hərbi platformaların istehsalı baha başa gəlir və uzun müddət tələb edir. Rusiya isə nisbətən ucuz dronlardan kütləvi istifadə etməklə potensial rəqibin bahalı hava hücumundan müdafiə raketlərini sərf etməsinə nail ola bilər. Bu da onu sübut edir ki, müasir müharibədə üstünlük təkcə texnologiyanın səviyyəsindən asılı deyil. Bu, həm də istehsal sürəti, resursların davamlılığı və itkiləri kompensasiya etmək imkanlarına bağlıdır. Təbii ki, Rusiyanın əldə etdiyi təcrübə onun bütün hərbi çatışmazlıqlarını aradan qaldırdığı anlamına gəlmir. İnsan itkisi, texnikanın sıradan çıxması, iqtisadi təzyiqlər və müharibənin uzunmüddətli xərcləri Moskvanın imkanlarını məhdudlaşdıra bilər. Eyni zamanda, NATO ölkələri də Ukrayna müharibəsindən nəticə çıxarır, hərbi doktrinalarını yeniləyir və müdafiə qabiliyyətlərini gücləndirirlər. Deməli, burada hansısa tərəfin konkret üstünlükdən daha çox, qarşılıqlı öyrənmə və hərbi uyğunlaşma prosesi müşahidə olunur. Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, Vandye kimi yüksək səviyyəli NATO hərbi rəsmilərinin açıqlamaları Alyansın Rusiyanın dəyişən döyüş qabiliyyətini ciddi qəbul etdiyini göstərir. Lakin bunu qorxu və ya Rusiyanın NATO üzərində üstünlüyünün etirafı kimi deyil, strateji risklərin yenidən qiymətləndirilməsi kimi dəyərləndirmək daha düzgün olar”.
Vidadi ORDAHALLI