ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin dörd ildən çox Rusiya həbsxanasında qalan amerikalı Stiven Habbardın azadlığa buraxılması üçün danışıqları pozacağını bildirib.
Trampın sözlərinə görə, Rusiya prezidenti Putin Habbardın şəxsi xahişi ilə azadlığa buraxılmasına razılıq verib və heç bir məhbus mübadiləsi tələb olunmayıb.
"Əgər sanksiyalar tətbiq olunarsa, danışıqlar mütləq tamamilə dayanacaq" – deyə Tramp sosial mediada yazıb.
O, həmçinin qeyd edib ki, Habbardın azadlığa buraxılması Putinlə şəxsi əlaqələri sayəsində mümkün olub və ABŞ bunun müqabilində heç nə vermək məcburiyyətində deyil.
Tramp açıqlamanı, Habbardın 21 oktyabr çərşənbə günü, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffla Putin arasında Sankt-Peterburqda aparılan danışıqlar zamanı azadlığa buraxılmasından sonra verib. Beş gün əvvəl Tramp Rusiyaya qarşı bəzi sanksiyalardan imtina edəcəyini açıqlamışdı. Bu qərar respublikaçılar da daxil olmaqla bir neçə Amerika qanunvericisinin kəskin tənqidinə səbəb olmuşdu.
Putinlə görüşü zamanı Uitkoff amerikalı əsgərin azadlığa buraxılmasına görə Rusiya prezidentinə təşəkkür edərək bildirib ki, onun sayəsində ailəsinin yanına qayıdır. O, həmçinin Putini "humanist" adlandırıb.
74 yaşlı Habbard Miçiqan ştatındandır. Milli Qvardiya və ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmiş keçmiş məktəb müəllimi, 2022-ci ilin fevral ayında Rusiyanın tammiqyaslı işğalı başladıqdan qısa müddət sonra Ukraynada saxlanılıb.
Rusiya hakimiyyəti onu Ukrayna tərəfində muzdlu döyüşçü kimi döyüşməkdə ittiham edib. 2024-cü ildə o, təxminən yeddi il həbs cəzasına məhkum edilib. Səhhətinin pis olması səbəbindən Habbardın müalicə üçün Texasdakı hərbi xəstəxanaya köçürülməsi planlaşdırılır.
Tahir TAĞIYEV