Fikrət Yusifov: “Azərbaycanla bağlı haqsız tənqidlər, türkdilli ölkələrdə Türkiyəyə münasibəti soyuda bilər”
Məlum olduğu kimi, AKP-də bəzi dairələrin Azərbaycanın daxili işinə müdaxilə etməsi birmənalı qarşılanmayıb. Bunun hər iki ölkənin maraqlarına zidd olduğu ortaya çıxıb. Üstəlik, belə yanlış siyasət birinci növbədə Türkiyənin strateji maraqlarına zərər vurur.
Maraqlıdır, AKP Azərbaycanın daxili işlərinə müdaxilə etməklə Mərkəzi Asiya ölkələrində mövqelərini möhkəmləndirə, bu ölkələrlə siyasi, iqtisadi əlaqələrini genişləndirə, dərinləşdirə bilərmi? Kim zəhmət verə bilər ki, Azərbaycana münasibətdə sərgilənən siyasətdən sonra sözügedən ölkələr bundan sonra AKP ilə məsafə saxlamayacaqlar?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən edən sabiq maliyyə naziri, professor Fikrət Yusifov buna bir neçə prizmadan yanaşdı: “Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr çərçivəsinə sığmayan, ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı strateji maraqlara söykənən münasibətlərdir. Bu münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi hər iki dövlətin uzunmüddətli maraqlarına xidmət edir. Son dövrlər hicab məsələsi ətrafında yaranmış fikir ayrılıqları fonunda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın bəzi dairələrin Azərbaycanın daxili məsələlərinə münasibətdə sərgilədikləri mövqe müəyyən narahatlıq doğurur. Biz türk qardaşlarımızın Azərbaycanda baş verən proseslərə münasibət bildirməsini təbii qarşılayırıq. Lakin burada çox həssas bir məqamı unutmaq olmaz. Tərəflər arasında qarşılıqlı hörmətə söykənən fikir mübadiləsi bir başqa məsələdir, müstəqil dövlətin daxili siyasətinə müdaxilə təsiri bağışlayan yanaşmalar isə tamam başqa məsələdir.
Unutmaq olmaz ki, Azərbaycan da, Türkiyə də müstəqil dövlətlərdir və hər birinin öz konstitusion quruluşu, qanunları, daxili ictimai-siyasi reallıqları vardır. Bu reallıqlara qarşılıqlı hörmət qardaşlığımızın zəifləməsinə deyil, əksinə, daha sağlam təməllər üzərində möhkəmlənməsinə xidmət edir. Bu gün Türkiyə və Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə Türk Dünyasını Birliyinin yaradılması türk dövlətləri üçün həyatı vacib bir məsələdir. Yeni dünya düzəninin yaradılması uğrunda indi dünyada baş verən müharibələr və qarşıdurmalar fonunda Türk Dövlətlər Birliyinin bir güc kimi ortaya çıxması hər bir türk dövlətinin gələcək təhlükəsizliyi üçün bir ZƏMANƏTDİR! Belə bir dönəmdə Azərbaycanla Türkiyə arasında nifaq salmağa çalışanlar türkün düşmənləridir. Türk Dövlətləri Təşkilatının güclənməsi, Orta Dəhlizin inkişafı, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Azərbaycanla bağlı haqsız tənqidlər, türkdilli ölkələrdə Türkiyəyə münasibəti soyuda bilər. Nəzərə almaq lazımdır ki, həmin ölkələr prosesləri diqqətlə izləyirlər. Bütün bu reallıqlar ortada olduğu üçün AKP daxilində və ona yaxın siyasi dairələrdə Azərbaycanın daxili məsələləri ilə bağlı mövqe bildirilərkən daha həssas, daha səbirli və daha ehtiyatlı davranılması məqsədəuyğun olardı. Azərbaycan–Türkiyə qardaşlığı gündəlik siyasi müzakirələrin fövqündə dayanmalıdır. Çünki bu qardaşlıq təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının gələcəyi üçün böyük strateji dəyər daşıyır.
Bir millət, iki dövlət prinsipi yalnız həmrəylik nümayiş etdirdiyimiz günlərdə deyil, müəyyən fikir ayrılıqlarının yarandığı məqamlarda da bir-birimizi anlamağı, dinləməyi və qarşılıqlı hörməti qorumağı bacarmağımız deməkdir. Bu gün bizə lazım olan da məhz budur - daha çox təmkin, daha çox dialoq və ortaq gələcəyimiz naminə daha böyük siyasi müdriklik”.
Vidadi ORDAHALLI