Fransa hökuməti şənbə günü gözlənilən yeni etirazlara qarşı küçələrə qoşun yeridəcəyini açıqlayıb. Hökumət ötən şənbə günü başlayan və zorakılığa çevrilən etirazların təkrarlanmasının qarşısını almaq üçün hərəkətə keçib. Baş nazir Sebastyan Lekornu 24 oktyabr şənbə günü gözlənilən yeni etiraz dalğası səbəbindən "genişmiqyaslı təhlükəsizlik əməliyyatı"nın tətbiq ediləcəyini açıqlayıb.
Lekornu bildirib ki, növbəti şənbə günü ciddi təhlükəsizlik tədbirlərə görüləcək. Baş nazir vurğulayıb ki, 17 oktyabrda Paris, Marsel, Lion və digər şəhərlərdə baş verən zorakılıq və talanlardan sonra asayişi bərpa etmək əsas məsələ olacaq. O, baş verən zorakı hadisələrdə ifrat sol qrupları günahlandırıb. O, həmçinin həftəsonu cavab tədbirlərindəki çatışmazlıqları etiraf edərək, kəşfiyyat uğursuzluqlarının olduğunu və hakimiyyət orqanlarının polis məzuniyyətlərini ləğv etməməklə səhv etdiyini bildirib.
Fransanın daxili işlər naziri Loran Nunyes, polis və jandarmanın yükünü yüngülləşdirmək üçün Sentinelle qüvvələrindən hərbi birliklərin küçələrə çıxarılacağını açıqlayıb.
"Baş verənlərə görə təəssüflənirəm. Bunun üçün müəyyən məsuliyyəti öz üzərimə götürürəm" – deyən Nunez, adekvat cavab vermədiklərini etiraf edib.
Fransada ötən şənbə günü yenidən küçələrə çıxan "Sarı jiletlilər" hərəkatı gələn şənbə günü yürüş keçirmək üçün rəsmi olaraq müraciət edib. Məlumata görə, planlaşdırılan yürüş Parisdəki Bastiliya meydanından başlayacaq və Opera Teatrında başa çatacaq.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, xarici liderlər 17 oktyabrda baş verən və talan və zorakılıqla müşayiət olunan sarı jiletli etirazlarla bağlı "qəbuledilməz və axmaq" şərhlər veriblər: "Bu mərhələdə ölkəmiz haqqında pis danışanların hamısı Fransanı sevməyən insanlardır. Bu insanlar mənim üçün iyrəncdir".
Makron ölkədə baş verənləri immiqrasiya siyasətləri ilə şərh edən və öz siyasi kampaniyalarında gündəmə gətirən ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahuya işarə edərək deyib: "Bəzi liderlərin sadəlövhcəsinə davranaraq, süni intellekt tərəfindən yaradılan məzmunu mənimsədiyini və ya insanları Fransada baş verənlərə inandırmaq istədikləri iddiaları yaydıqlarını görürəm. Fransanın kürəyindən seçki kampaniyalarını aparırlar. Bizə buna ehtiyac yoxdur, bizim artıq öz problemlərimiz var".
Etirazlarla bağlı xarici liderlərin "qəbuledilməz və axmaqcasına şərhlər" verdiyini deyən Makron, 17 oktyabrda Fransada baş verən hadisələrin "xarici müdaxilə deyil, xarici məlumatların manipulyasiyası" olduğunu bildirib.
Makron ölkədə baş verən etirazlar və onu müşayiət edən iğtişaşlar fonunda fövqəladə vəziyyət elan edilməsini zəruri hesab etmədiyini bildirib.
Xatırladaq ki, ötən həftə sonu Fransada yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçılar 800 min insanın iştirak etdiyini təxmin etsələr də, Daxili İşlər Nazirliyi bu rəqəmin 550 min olduğunu bildirib. Bir neçə şəhərdə nümayişlər iğtişaşlara və polislə toqquşmalara çevrilib. Ədliyyə naziri Gerald Darmaninin sözlərinə görə, 17 oktyabrda təxminən 3 min mağaza qarət edilib və 2500-dən çox insan saxlanılıb.
Tahir TAĞIYEV