Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində 2026-cı il dekabrın 19-dək həbs qətimkan tədbiri seçilib. Trend-in əldə etdiyi məlumata görə, müvafiq qərarlar oktyabrın 22-də Binəqədi Rayon Məhkəməsində qəbul olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı “Azəridmanservis” MMC-nin Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinovun qanunazidd əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Cinayət işi üzrə vurulmuş ziyanın yarım milyon manatdan çox olduğu bildirilir.