Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin başçıları 11 noyabrda keçirilməsi planlaşdırılan Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında Ermənistanın üzvlüyü məsələsini nəzərdən keçirə bilərlər. Bu barədə KTMT-nin baş katibi Taalatbek Masadıkov açıqlama verib.
“Ermənistan bunu müzakirə etmir. Onlar iştirak etmirlər. Lakin Ermənistan nümayəndəsi KTMT üzv dövlətlərinin daimi nümayəndələrini bir araya gətirən Daimi Şuranın həftəlik iclaslarında iştirak edir”, - deyə Masadıkov qeyd edib.
Baş katibin sözlərinə görə, İrəvanın təşkilatdan çıxması məsələsi Kollektiv Təhlükəsizlik Şurasının iclasında qaldırıla bilər. Təklif adətən hazırkı KTMT sədri və ya digər üzv dövlət tərəfindən irəli sürülür.
KTMT Nizamnaməsinin 25-ci maddəsinə istinad edən Masadıkov, onun müddəalarının, xüsusən də üzvlük haqlarının ödənilməməsi və kvota vəzifələrinin doldurulmaması ilə bağlı olduğunu, bunun da səsvermə hüququndan məhrum edilməsi mənasına gələ biləcəyini deyib.
Masadıkov bundan əvvəl Ermənistanın faktiki olaraq KTMT-dən çıxdığını qeyd etmişdi. O, təşkilatın, Ermənistan da daxil olmaqla, daxili təsdiq üçün sənədlər təqdim etdiyini bildirib. Lakin İrəvan hər bir sorğuya cavab olaraq Ermənistan tərəfinin danışıqlarda və qərar qəbuletmə proseslərində iştirak etmədiyini, lakin onların məhdud şəkildə qəbul edilməsinə etiraz etmədiyini bildirib.
Tahir TAĞIYEV