Afsəddin Nəbiyev: “Sərhədlərin açılması siyasi bəyanatlarla deyil, qarşılıqlı etimadla mümkündür”
Baş azır Nikol Paşinyan Ermənistanın Türkiyə ilə sərhədin açılması üçün həm Ankara, həm də Bakı ilə işləməyə davam etdiyini bildirib:
“Azərbaycanın bu məsələ ilə bağlı müəyyən qeyd-şərtləri var, hazırda proseslər bu mərhələdədir. Lakin müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik. Bizim Azərbaycanla və Türkiyə ilə ayrı-ayrılıqda münasibətlərimiz var və biz bu istiqamətdə işləyəcəyik”.
Paşinyanın sözlərindən belə qənaətə gəlmək olur ki, Azərbaycansız Türkiyə ilə sərhədlərin açılmasına nail ola biləcəyinə inanır. Xüsusilə də hesab etmək olarmı ki, son həftələrdə AKP iqtidarı ilə Azərbaycan arasında baş verən prosesslər Paşinyanı Azərbaycansız Türkiyə ilə sərhədlərin açılımına həvəsləndirə bilərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Paşinyanın Türkiyə ilə sərhədin açılması üçün həm Ankara, həm də Bakı ilə danışıqların aparıldığını bildirməsi Ermənistanın bu məsələdə üzləşdiyi siyasi reallığı bir daha gündəmə gətirir: “Ermənistan hökumətinin başçısı Azərbaycanın müəyyən qeyd-şərtlərinin olduğunu da etiraf edir. Bu isə göstərir ki, sərhəd məsələsi İrəvanla Ankara arasında həll ediləcək ikitərəfli problem deyil. Burada Azərbaycanın maraqları, regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülh perspektivi də nəzərə alınmalıdır. 1993-cü ildən bağlı qalan Türkiyə–Ermənistan sərhədinin açılması məsələsi uzun illərdir Ermənistan–Azərbaycan münasibətləri ilə əlaqələndirilir. Ankara dəfələrlə regionda normallaşmanın qarşılıqlı addımlar və sülh şəraiti əsasında mümkünlüyünü vurğulayıb. Buna görə də Ermənistanın Azərbaycanla münasibətlərdə həllini gözləyən məsələləri kənara qoyaraq Türkiyə ilə sərhədin açılmasına nail olacağı düşüncəsi mövcud siyasi reallıqlar fonunda ciddi suallar doğurur. Sərhədlərin açılması siyasi bəyanatlarla deyil, qarşılıqlı etimadla mümkündür. Paşinyan elə bilirdi ki, məlum gərginlikdən sonra Türkiyə sərhədləri açacaq. Ancaq Ankaranın buna gedəcəyini düşünmürəm. Ermənistan iqtisadi inkişaf, yeni nəqliyyat marşrutları, ticarət əlaqələri və enerji əməkdaşlığı baxımından regionun imkanlarından yararlanmaq istəyir. Bu, başadüşülən iqtisadi maraqdır. Ancaq regional əməkdaşlıqdan faydalanmaq istəyən hər bir dövlət qonşularının təhlükəsizlik narahatlıqlarını da nəzərə almalıdır”.
A.Nəbiyev onu da qeyd etdi ki, Azərbaycanın irəli sürdüyü şərtlər, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalarla bağlı mövqeyi sülh gündəliyinin əsas mübahisəli məsələlərindəndir: “Bu məsələnin həlli hüquqi və siyasi müstəvidə irəliləyiş tələb edir. Davamlı sülh yalnız bəyanatlarla deyil, tərəflərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi və bir-birinin suverenliyinə hörmət etməsi ilə möhkəmlənə bilər. Digər tərəfdən, Türkiyə ilə Azərbaycan arasında hansısa məsələlər üzrə fikir ayrılıqlarının meydana çıxması da mümkündür. Lakin ayrı-ayrı məsələlər ətrafında müzakirələrin aparılmasını iki dövlət arasındakı strateji münasibətlərin zəifləməsi kimi təqdim etmək düzgün olmazdı. Dövlətlər arasında münasibətlər yalnız liderlərin şəxsi əlaqələrindən ibarət deyil. Azərbaycan–Türkiyə münasibətlərinin təməlində ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı dəstək və xalqlarımızın qardaşlığı dayanır. Bu münasibətlərin gücü bütün məsələlərdə eyni mövqedən çıxış etməkdən daha çox, fikir ayrılıqlarını dialoq və qarşılıqlı anlaşma yolu ilə həll etmək imkanında özünü göstərir. Ankara ilə Bakı arasında əlaqələrin davam etməsi və yüksək səviyyəli təmasların saxlanılması da bu dialoqun əhəmiyyətini ortaya qoyur. Ayrı-ayrı siyasi müzakirələri iki qardaş xalqı qarşı-qarşıya qoymaq üçün vasitəyə çevirmək isə regionda əməkdaşlıq perspektivlərinə xidmət etmir.
Azərbaycan və Türkiyə üçün əsas məsələ təkcə ikitərəfli münasibətlərin qorunması deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsidir. Ermənistan da bu prosesdə öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Sülh, nəqliyyat əlaqələrinin bərpası, ticarətin genişlənməsi və regional iqtisadi əməkdaşlıq qarşılıqlı güzəştlər, beynəlxalq hüquqa hörmət və təhlükəsizlik təminatları əsasında inkişaf edə bilər. Nəticə etibarilə, Ermənistan–Türkiyə sərhədinin açılması məsələsi yalnız Ermənistanın istəyindən və ya Türkiyənin qərarından asılı olan sadə bir proses deyil. Azərbaycanın mövqeyi, Ankara ilə Bakı arasındakı siyasi məsləhətləşmələr və Ermənistan–Azərbaycan münasibətlərində əldə olunacaq irəliləyiş bu məsələnin gələcəyinə təsir göstərən mühüm amillərdir. İrəvan regionda yeni imkanlardan yararlanmaq istəyirsə, bunun yolunu qonşularının narahatlıqlarını nəzərə almaqda, sülh gündəliyində konkret nəticələr əldə etməkdə və qarşılıqlı etimad yaratmaqda axtarmalıdır. Çünki Cənubi Qafqazda davamlı sülh heç bir dövlətin digərini kənarda qoyması ilə deyil, bütün tərəflərin suverenliyinə, təhlükəsizliyinə və qanuni maraqlarına hörmət əsasında qurula bilər. Azərbaycan–Türkiyə birliyi isə bu regional mənzərənin mühüm amillərindən biri olaraq qalır. Müvəqqəti fikir ayrılıqları mümkündür, siyasi müzakirələr qaçılmazdır. Ancaq xalqlarımızı birləşdirən tarixi bağlar və strateji əməkdaşlıq bu münasibətlərin əsasını təşkil edir. Ən vacibi isə odur ki, regionun gələcəyi qarşıdurma üzərində deyil, ədalətli və davamlı sülh üzərində qurulsun”.
Vidadi ORDAHALLI