Amerikalı milyarder Elon Mask Ukrayna ordusunu Starlink peyk rabitə sistemindən dron hücumları üçün istifadə qaydalarını pozmaqda ittiham edib. O, boşluğun ötən həftə aradan qaldırıldığını iddia edib.
"İnsanları öldürmək məqsədilə dron hücumları üçün kommersiya mülki xidməti olan Starlink-dən istifadəyə heç vaxt icazə verilməyib və verilməməlidir", - deyə Mask X sosial media hesabında bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu sistemi dron hücumları üçün istifadə etməklə onun istifadə şərtlərini pozub. Bununla belə, milyarder Starlink-in Ukraynanın müdafiəsində mühüm rol oynamağa davam etdiyini vurğulayıb.
“Əgər Starlink söndürülərsə, Ukrayna cəbhəsi dərhal çökər. Bu, təhdid DEYİL, sadəcə bir faktdır”, - deyə Mask yazıb.
O, həmçinin xatırladıb ki, müharibənin ilk günlərində digər rabitə vasitələri Rusiya qüvvələri tərəfindən məhv edildikdə və ya sıxışdırıldıqda sistem Ukraynaya rabitəni saxlamağa kömək edib: "SpaceX Ukraynanın müdafiəsi üçün Yer üzündəki digər özəl şirkətlərdən daha çox iş görüb".
Eyni zamanda, Mask hərbi əməliyyatların davam etdirilməsi tərəfdarlarını kəskin tənqid edərək, onları münaqişənin həlli üçün real plan təqdim etməməkdə günahlandırıb.
"Fəzilətlərini nümayiş etdirən, sonsuz qırğını müdafiə edən və münaqişəyə real həll yolu təklif etməyən alçaq müharibə qızışdırıcılarına qarşı yalnız QATI NİFRƏTİM var. Cəhənnəmdə yanın", - deyə o yazıb.
Starshield-in ABŞ hökumətinin nəzarəti altında ayrı bir sistem olduğunu açıqlayan Mask, onun istifadəsi ilə bağlı qərarların ABŞ hakimiyyət orqanlarının ixtiyarında olduğunu bildirib.
Tahir TAĞIYEV