Bakıda kafedə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib. Məlumatına görə, hadisə ötən gün General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində qeydə alınıb.
Belə ki, dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum ediblər. Nəticədə bir nəfər ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir. Hadisədə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. O, könüllü olaraq polisə təslim olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olduğu bildirilən Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində reabilitasiya mərkəzi işlədiblər.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
ZÜMRÜD