Tehran və Vaşinqton arasında hərbi gərginlik yeni bir ölçü qazanıb. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkəyə qarşı hətta kiçik miqyaslı hərbi hərəkətin belə gözləniləndən daha böyük bir cavabla qarşılanacağını açıqlayıb.
SEPAH sözçüsü Hüseyn Mühibbi ordunun bütün ssenarilərə qarşı hazırlıqlı olduğunu vurğulayıb.
Mühibbi getdikcə sərtləşən açıqlamaların əsasən ictimai rəyi manipulyasiya etmək məqsədi daşıdığını iddia edib. O, təhdid edən aktyorların hazırkı vəziyyətdə effektiv əməliyyat aparmaq gücünə malik olmadığını iddia edib: "Onlar hazırkı şəraitdə effektiv əməliyyat keçirə bilməyəcəklərini və qətiyyən məqsədlərinə çatmayacaqlarını hər kəsdən yaxşı bilirlər".
Keçmiş hərbi müdaxilələrin heç bir nəticə vermədiyini və mümkün yeni bir cəhdin də uğursuzluqla nəticələnəcəyini bildirən sözçü Muhibbi ordunun əməliyyat planlarının hazır olduğunu vurğulayıb: "Düşmən məhdud bir addım atsa belə, İrandan gələn cavab silahlı qüvvələrimizin hazırkı hazırlıq səviyyəsinə və əməliyyat planlarına uyğun olaraq daha sərt olacaq".
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Vaşinqton administrasiyası həftəsonu İrana "mütləq" zərbə endirə bilər. Lakin ABŞ prezidenti Donald Tramp səfirinin dediklərindən xəbərsiz olduğunu bildirib. ABŞ-ın Suriya və İraq üzrə xüsusi nümayəndəsi vəzifəsini də icra edən Barrak cümə günü internetdə yayılan videoda yer alan müsahibəsində "Bu həftəsonu hücum ola bilərmi? Əlbəttə" deyib.
Jurnalistlər Trampdan Barakın açıqlamaları və potensial hücumları 3 noyabr ara seçkilərindən sonraya təxirə salmaqla bağlı mövqeyini dəyişib-dəyişmədiyi barədə soruşdular.
Suallardan təəccüblənən Tramp deyib: "Bu mənim səfirim idimi?". Daha sonra isə "Düşünürəm ki, o, kifayət qədər güclü bir insandır. Əgər vəziyyət belədirsə, mənim bundan xəbərim yoxdur"
Tahir TAĞIYEV