Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli ilə görüşü Ankara ilə Bakı arasındakı siyasi təmasların regional və ikitərəfli gündəm baxımından əhəmiyyətini yenidən gündəmə gətirir. Görüşün Türkiyədə baş verən son siyasi hadisələrlə bağlı olub-olmadığı, eləcə də Azərbaycanın mövqeyinin hansı səviyyədə müzakirə edildiyi maraq doğurur. Digər tərəfdən, səfirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməməsi və ya belə bir görüşün baş tutmaması da diqqətçəkən məqamdır. Bahçelinin hakim koalisiyadakı siyasi çəkisi nəzərə alınmaqla, onunla görüşün hansı mesajları daşıdığı və bu təmasın Türkiyənin rəsmi mövqeyinə təsir imkanları müzakirə mövzusudur.
Azərbaycan səfirinin Türkiyə Prezidenti ilə deyil, hakim koalisiyanın tərəfdaşı olan Dövlət Bahçeli ilə görüşməsi hansı siyasi mesajları verə bilər? Bu təmas Türkiyədəki son hadisələrin müzakirəsi ilə bağlı ola bilərmi və səfirin Ərdoğan tərəfindən qəbul edilməməsi diplomatik baxımdan hansı səbəblərlə izah oluna bilər?
Oqtay Qasımov: "Azərbaycan və Türkiyə prezidentləri ən yüksək səviyyədə müzakirələr aparıblar"
Politoloq Oqtay Qasımov Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli ilə görüşünü şərh edib.
O, "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin, o cümlədən son dövrlər Türkiyədə Azərbaycana qarşı başlanan kampaniya ilə bağlı məsələlərin müzakirə edildiyi şübhəsizdir. Onun sözlərinə görə, səfir Azərbaycan Prezidentinin Dövlət Bahçeliyə salamlarını və təşəkkürünü çatdırıb.
Politoloq hesab edir ki, bu görüşü təbii qəbul etmək lazımdır. Çünki MHP Azərbaycanın müstəqillik əldə etməsindən sonra Türkiyədə Azərbaycan məsələsini daim gündəmdə saxlayan əsas siyasi qüvvələrdən biri olub. O, Dövlət Bahçelinin Türkiyə-Azərbaycan münasibətlərinə uyğun, təmkinli və gələcəyə hesablanmış mövqe sərgilədiyini vurğulayıb.
Oqtay Qasımovun fikrincə, Türkiyədə siyasi gərginliyin azalmasında Dövlət Bahçelinin xüsusi rolu var. O qeyd edib ki, MHP ilə yanaşı, bu partiyadan ayrılaraq digər siyasi qüvvələrdə təmsil olunan milliyyətçi dairələr də Azərbaycanı müdafiə edib, iki ölkə arasındakı münasibətlərin inkişafının vacibliyini vurğulayıblar.
Səfirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməməsi ilə bağlı iddialara toxunan politoloq belə bir məlumatın olmadığını bildirib.
"Belə bir iddia ortaya atıla bilməz, çünki bununla bağlı hansısa bir məlumat yoxdur və mən inanmıram ki, belə bir şey ola bilər", – deyə Oqtay Qasımov bildirib.
Politoloq xatırladıb ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Tərəflər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edib, Ərdoğan Azərbaycan Prezidentini ayın sonunda Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib.
Oqtay Qasımovun qənaətinə görə, prezidentlər arasında ən yüksək səviyyədə təmasların baş tutması fonunda səfirin Türkiyə Prezidenti ilə ayrıca görüşünün keçirilməməsini xüsusi müzakirə mövzusuna çevirmək düzgün deyil.
O, Rəşad Aslanovun Dövlət Bahçeli ilə görüşünün həm də MHP sədrinin Azərbaycanla bağlı ardıcıl mövqeyinə görə təşəkkür ifadəsi kimi qiymətləndirilə biləcəyini deyib. Politoloq bildirib ki, Bahçeli bu mövqeyi dəfələrlə Türkiyə ictimaiyyətinə və hakim koalisiyadakı tərəfdaşı Ədalət və İnkişaf Partiyasının diqqətinə çatdırıb.
Onu da qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) müxalif olan siyasi qüvvələrin Azərbaycanla münasibətləri yaxınlaşdırmağa yönələn addımları diqqət çəkir. Bu baxımdan Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağın müavininin Azərbaycana səfəri və Yeni Azərbaycan Partiyası (YAP) ilə keçirdiyi görüş də maraq doğurur. Görüş zamanı Ümit Özdağın da Azərbaycana səfər etməsi ilə bağlı razılığın əldə olunduğu bildirilir. Bu təmaslar Türkiyədə bəzi siyasi dairələrin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini və iki ölkə arasındakı münasibətlərin siyasi partiyalar səviyyəsində də möhkəmləndirilməsində maraqlı olduğunu göstərir.
Məsələnin diqqətçəkən tərəfi odur ki, bu təşəbbüslər Azərbaycanın dəvəti əsasında deyil, Türkiyədəki müxalif siyasi qüvvələrin öz təşəbbüsləri ilə həyata keçirilir. Bu, həmin partiyaların Azərbaycanla münasibətləri yalnız hakimiyyətlərarası əlaqələr çərçivəsində deyil, milli maraqlar və Türkiyə-Azərbaycan qardaşlığı kontekstində də qiymətləndirdiklərini göstərmək cəhdi kimi dəyərləndirilə bilər.
Burada iki əsas məqam var. Birincisi, Türkiyədə bəzi siyasi dairələr Azərbaycanla münasibətlərdə yaranmış narazılıqlar fonunda AKP hakimiyyətinin və ona yaxın şəxslərin yol verdiyi mümkün siyasi səhvlərdən fərqli mövqe nümayiş etdirməyə çalışırlar. Onlar bununla göstərmək istəyirlər ki, Türkiyə-Azərbaycan münasibətləri ayrı-ayrı şəxslərin və ya siyasi qrupların davranışlarından asılı deyil, iki xalqın ortaq tarixinə və strateji maraqlarına söykənir. Bu baxımdan müxalifət partiyalarının Azərbaycanla təmasları həm siyasi mesaj, həm də Türkiyədəki ictimai rəyə ünvanlanan mövqe nümayişidir.
İkinci məqam isə Türkiyənin daxili siyasi vəziyyəti ilə bağlıdır. Müxalif partiyaların Azərbaycanla əlaqələri fəallaşdırması onların gələcək siyasi perspektivləri nəzərə aldıqlarını da göstərə bilər. Türkiyədə hakimiyyət uğrunda mübarizə davam etdiyi üçün siyasi qüvvələr təkcə ölkə daxilində deyil, xarici siyasət və regional münasibətlər məsələlərində də öz mövqelərini ortaya qoymağa çalışırlar. Azərbaycanla yaxın münasibət nümayiş etdirmək Türkiyə cəmiyyətində müsbət qarşılanan siyasi xətdir və müxalifət bunu öz siyasi nüfuzunu artırmaq üçün də əhəmiyyətli hesab edə bilər.
Ancaq bu addımları birbaşa AKP hakimiyyətinin sonunun yaxınlaşacağına inamla əlaqələndirmək düzgün olmazdı. Müxalifət partiyaları hakimiyyət dəyişikliyi ehtimalını nəzərə ala, gələcək siyasi ssenarilərə hazırlaşa bilərlər. Bununla belə, Azərbaycanla münasibətlərin inkişafına maraq göstərmələri mütləq şəkildə hakimiyyətin dəyişəcəyini gözlədikləri anlamına gəlmir. Burada həm milli maraqlar, həm siyasi rəqabət, həm də Türkiyə-Azərbaycan münasibətlərində özlərinə ayrıca yer qazanmaq istəyi rol oynaya bilər.
Əsas məsələ ondan ibarətdir ki, Türkiyədəki siyasi qüvvələr Azərbaycanla münasibətləri öz siyasi mövqelərini gücləndirmək vasitəsi kimi görsələr belə, bu təmasların ikitərəfli əlaqələrə müsbət töhfə verməsi mümkündür. Ankara ilə Bakı arasındakı münasibətlərin ayrı-ayrı siyasi partiyaların gündəlik maraqlarından daha geniş məna daşıması və Türkiyədə müxtəlif siyasi düşərgələr tərəfindən dəstəklənməsi strateji baxımdan əhəmiyyətlidir. Bu mənada müxalifətin təşəbbüsləri həm AKP hakimiyyətinə ünvanlanan siyasi mesaj, həm də Türkiyə-Azərbaycan qardaşlığının siyasi hakimiyyətlərdən asılı olmayan davamlı münasibət olduğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər.
Akif NƏSİRLİ