Sultan Zahidov: "Rusiyanın Ermənistadakı nəzarətinin azaldılmasına və rus sərhədçilərinin çıxarılmasına yönəlib"
ABŞ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına təxminən 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıqlar bağışlayıb.
ABŞ-ın Ermənistan sərhədçilərinə təqdim etdiyi 1,4 milyon dollar dəyərindəki yardım ABŞ-nin İrəvandakı Səfirliyinə və rəsmi açıqlamalara əsasən bir neçə məqsədlər daşıyır.
Birincisi, Ermənistan Sərhəd Qoşunlarının və Sərhəd Xidmətinin texniki bazasını və operativ imkanlarını gücləndirmək,
Xüsusilə Ayrum sərhəd-keçid məntəqəsində işin səmərəliliyini artırmaq, müasir İT avadanlıqları, nəqliyyat vasitələri (o cümlədən pikaplar və təcili tibbi yardım maşınları), qoruyucu vasitələr və təmir alətləri ilə təmin etmək, sərhədlərdən keçidi daha təhlükəsiz və səmərəli etmək, ölkənin suverenliyinin qorunmasına dəstək vermək,
ABŞ-ın regionda qarşılıqlı əlaqələrin inkişafına, o cümlədən "Tramp marşrutu" (TRIPP) və regional nəqliyyat kommunikasiyaları çərçivəsində əməkdaşlığa sadiqliyini nümayiş etdirmək və sair məqsəd daşıdığı açıqlanır.
Yardım ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı vasitəsilə həyata keçirilib.
ABŞ Ermənistana ilk sərhəd təhlükəsizliyi və ixrac nəzarəti dəstəyini verib, avtomobil və avadanlıqlar bağışlayıb. Bunun TRIPP marşrutu ilə bağlılığı nədir?
Politoloq Sultan Zahidov baki-xeber.com-a bildirdi ki, ABŞ Ermənistana 1,4 milyon dollar məbləğində nəqliyyat vasitələri verib ki, bunların da təyinatı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dayanıb. "Bu, o deməkdir ki, ABŞ bir zamanlar Gürcüstanda etdiyini indi də Ermənistanda etmək istəyir. Burada söhbət ondan gedir ki, Saakaşvili dönəmində Gürcüstanın Sərhəd Xidmətində kütləvi islahatlar baş tutdu. İlk növbədə Sərhəd Xidməti Gürcüstan DTX-sından ayrılaraq polisə verildi. İndi Ermənistanda da bununla bağlı müzakirələr gedir. O zamada bu, ABŞ-ın dəstəklədiyi bir layihə idi. ABŞ Gürcüstana daimi şəkildə maddi dəstək göstərirdi. Nəqliyyat vasitələri, avadanlıqlar verirdi".
S. Zahidov qeyd etdi ki, indi də eynisini biz Ermənistanla münasibətdə görürük. O, hesab edir ki, bunun TRIPP marşrutu ilə dolayısı bağlılığı var. "Amma sırf bu marşrutla əlaqəli deyil. Burada məqsəd Ermənistanın sərhəd təhlükəsizliyinə töhfə verməkdir. Eyni zamanda bu böyük geosiyasi layihə Rusiyanın Ermənistadakı nəzarətinin azaldılmasına və rus sərhədçilərinin çıxarılmasına yönəlib" - deyə politoloq bildirdi.
İradə SARIYEVA