Azərbaycan Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycandakı təhsil məsələləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Nazirliyin açıqlamasında İran nazirinin bəyanatının təəccüb və təəssüf doğurduğu vurğulanıb. Sözügedən addım Azərbaycanın daxili işlərinə "yersiz müdaxilə cəhdi" kimi xarakterizə edilib: "Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə qarışmağa icazə verilmir və bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır".
Elm və Təhsil Nazirliyi İran rəsmilərinə başqa dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə, öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib. Açıqlamada rəsmi Tehranın yürütdüyü siyasət ucbatından hazırda İranda Azərbaycan dilində bircə məktəbin belə fəaliyyət göstərmədiyi, universitetlərdə də bu dildə dərslərin keçirilmədiyi diqqətə çatdırılıb. Nazirliyin məlumatına görə, İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar. Bəyanatda İran rəsmilərinə "onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər", – deyə çağırış edilir. İranın elm naziri Hüseyn Simayi-Sərraf bundan əvvəl yaydığı videomüraciətdə Azərbaycandakı hicablı qızları İran universitetlərində oxumağa çağırıb və onlar üçün ölkəsinin qapılarının hər zaman açıq olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan-İran əlaqələri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən və bir nəfərin həlak olması ilə nəticələnən silahlı hücumdan sonra kəskin şəkildə pisləşmişdi. Sonrakı dövrdə münasibətlərdə müəyyən yumşalma yaranıb, hətta tərəflər birgə hərbi təlimlər də keçiriblər. Lakin regional geosiyasi proseslər fonunda yenidən müəyyən böhranlar baş qaldırıb. Xüsusilə 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi iki ölkə arasındakı əlaqələri yenidən sınağa çəkib. Prezident İlham Əliyev bu hadisəni terror aktı kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək hadisə ilə bağlı araşdırma aparılacağını bildirib. Bu gərginliyə görə dayandırılan yük daşımaları yalnız iki ölkə liderinin telefon danışığından sonra bərpa olunub, ardınca isə Azərbaycan İrana humanitar yardım göndərib.
Tahir TAĞIYEV