Əli Əlirzayev: “Belə bir şəraitdə Naxçıvana ayrılan dotasiyaların ilbəil azaldılması yanlış siyasətdir”
2027-ci ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının (MR) büdcəsinə 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. 2026-cı ilin dövlət büdcəsində bu məbləğ 211 milyon 628 min manat müəyyən edilmişdi. Beləliklə, gələn il dotasiyanın 13 milyon 628 min manat və ya 6.4 faiz azaldılması planlaşdırılır.
Naxçıvana ayrılan dotasiyaların azaldılması üçün əsaslar varmı? Axı Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa əlaqəsi yoxdur, uzun illərdir yarımblokada şəraitindədir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisadçı alim Əli Əlirzayevin fikrincə, Naxçıvana ayrılan dotasiyanın ilbəil azaldılması doğru deyil: “Ümumiyyətlə, rayonların sosial-iqtisadi inkişafına ayrılan vəsait ümumi iqtisadi artımdan asılıdır. Digər tərədən belə bir konsepsiya var ki, regionlar səmərəli şəkildə öz potensialından istifadə etsinlər. Yəni özlərini öz təminatını təmin etsinlər. Ancaq nəzərə almaq lazımdır ki, Naxçıvanın düşdüyü vəziyyət fərqlidir. Naxçıvana birbaşa quru yolu, dəhliz, birbaşa gediş-gəliş yoxdur. Naxçıvana digər ölkələr üzərindən yükdaşımalar var, amma əhalinin gediş-gəlişi yoxdur. Başqa bir tərəfdən Naxçıvanda yetərincə iş yeri yoxdur. Bütün bunlar tələb edir ki, Naxçıvana yeni investisiyalar qoyulsun. İnvestisiya sahələri içində birinci növbədə müəyyən edilməlidir ki, Naxçıvanın əsas potensialı, resursları nədən ibarətdir. Naxçıvanda işçi qüvvəsi var, amma bunu təmin edən istehsal sahələri yoxdur. Naxçıvanda zavodların demək olar hamısı bağlanıb. Naxçıvanın əsas resursları tikinti məhsullarıdır, amma bu sahə ilə bağlı olan zavodlar bağlanıb. Belə bir şəraitdə Naxçıvana ayrılan dotasiyaların ilbəil azaldılması yanlış siyasətdir. Ümumilikdə, Naxçıvanda sənayenin inkişafı, iş yerlərinin açılması, iqtisadi potensialın güclənməsi üçün Naxçıvan iqtisadiyyatına əsaslı kapital qoyulmalıdır. Bu, o demək deyil ki, ölkədəki bütün kapitalı ora yönəltmək lazımdır. Sadəcə, Naxçıvanın coğrafi vəziyyəti nəzərə alınmalıdır. Elə sahələr var ki, mərkəzdən maliyyələşməlidir. Naxçıvana kapital qoyuluşu oradan əhalinin köç etməsinin qarşısını alacaq. Məlum olduğu kimi, Naxçıvanın dağ-mədən resurslarının istifadəsi gündəmdədir. Fikrimcə, bu yöndə işlər uğurlu olsa, Naxçıvanın dotasiyadan asılılığı xeyli azalacaq. Öz-özünü maliyyələşmə prinsipinə keçə bilər. Yox əgər bunlar olmayacaqsa, Naxçıvanda əhali azalacaq”.
Vidadi ORDAHALLI