Elşad Həsənov: “Düşünmürəm ki, Hindistan bundan sonra Ermənistana silah ixracını dayandırsın”
Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarı qəbul edib. Prezident Əliyev Hindistanın xarici siyasət rəhbərinin baş nazir Narendra Modinin tapşırığı ilə reallaşan bu səfərini yüksək qiymətləndirib.
Görüşdə beynəlxalq təşkilatlarda birgə fəaliyyətin, həmçinin əlaqələri canlandırmaq üçün siyasi dialoqun və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Bu çərçivədə siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın gələcək addımları nəzərdən keçirilib.
Bu il sentyabrın 1-də prezident Əliyev və baş nazir Modi Bişkekdə keçirilən ŞƏT sammitində görüşüb müzakirələr aparıb. Həmin vaxta qədər isə son illərdə iki ölkə rəsmiləri arasında heç bir ciddi əlaqə olmayıb. Azərbaycanla Hindistan arasında ən yüksək səviyyəli təmaslar nə kimi faydalar və dəyişikliklər vəd edir? Hindistan Ermənistanın silahlandırılması məsələsini yenidən nəzərdən keçirə bilərmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, indiyə qədər Azərbaycanla Hindistan arasında müəyyən soyuqluq var idi: “Bu da məlum olduğu kimi, Azərbaycanın Pakistanla olan strateji yaxınlığı ilə bağlı idi. Hindistan Pakistanla uzun illərdir münaqişəli vəziyyətdə olduğu üçün buna mənfi yanaşırdı. Ermənistana Hindistanın hərbi dəstək göstərməsi əsasən bununla bağlıdır. Azərbaycanla iqtisadi əlaqələrin zəif olması da bununla bağlıdır. Ancaq Bişkekdə keçirilən ŞƏT sammitində Prezident Əliyevlə Modinin görüşü iki ölkə münasibətlərinə aydınlıq gətirərək yeni mərhələnin əsasını qoydu. Münasibətlərin yaxşılaşdırılması istiqamətində ilk addımlar atıldı. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın ölkəmizə səfəri və keçidiyi yüksək səviyyəli görüşlər onu deməyə əsas verir ki, yeni mərhələ açılır”.
E.Həsənov onu da qeyd etdi ki, bundan sonra Azərbaycanla Hindistan arasında iqtisadi ticarət əlaqələri nəzərə çarpacaq dərəcədə inkişaf edəcək: “Çünki Hindistan Azərbaycanın potensialının, logistik mövqeyinin fərqindədir. Məsələ ondadır ki. Hindistan Rusiya ilə böyük ticarət dövriyyəsinə malikdir. Məsafə baxımından Hindistanı Rusiya ilə birləşdirən ən sərfəli yol Azərbaycandan keçir. Bu, daşıma xərclərini azaldır. Üstəlik, Azərbaycanın müasir tranzit və logistik imkanlara malik olması Hindistanın digər ölkələrlə də ticarət əlaqələri qurmasına şərait yaradır. Başqa bir tərəfdən Hindistan Azərbaycandan daha çox neft məhsulları almaq istəyir. Bəli, Hindistan Ermənistanla hərbi sahədə geniş əməkdaşlıq edir. Ancaq düşünmürəm ki, Hindistan bundan sonra Ermənistana silah ixracını dayandırsın. Çünki Hindistan hərbi sənayesini inkişaf etdirir və daha çox silah satmaqda maraqlıdır. Nəzərə almaq lazımdır ki, Hindistanın bu sahədə müştərisi elə də çox deyil”.
Vidadi ORDAHALLI