Misir parlamenti Yəmən husilərinin hücumlarından qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi yardımı təsdiqləyib.
“Al Jazeera” yazır ki, ötən həftə Misirin Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına müdafiəsində kömək edəcəyinə və eyni zamanda bölgədəki eskalasiyanın qarşısını almaq üçün səylər göstərəcəyinə söz verib.
Daha əvvəl prezident Əbdülfəttah əs-Sisi Səudiyyə Ərəbistanının yardım istəyinə cavab olaraq belə bir addım üçün parlamentin təsdiqini istəmişdi. Sisi, dünyanın ən böyük neft ixracatçısı olan Ər-Riyadın belə bir tələb irəli sürməsi halında, Körfəz krallığını qorumaq üçün hərbi dəstəyin təsdiqlənməsini istəmişdi. O zaman prezident Ər-Riyada mümkün hərbi yardımın Yəmən ərazisinə zərbələri əhatə etməyəcəyini bildirmişdi.
Misir Parlamentinin bu tarixi qərarı yalnız Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək məqsədi daşımır. İranın dəstəklədiyi Husi qüvvələrinin Yəməndə irəliləməsi Misir iqtisadiyyatının ən vacib arteriyalarından biri olan Süveyş kanalına strateji keçid olan Bab əl-Məndəb boğazını da birbaşa təhdid edir .
Qahirə bu qərarla həm regional ittifaq əlaqələrini gücləndirməyi, həm də öz qlobal ticarət yolunu təmin etməyi hədəfləyir.
Səudiyyə Ərəbistanı husilərlə döyüşən Yəmən hökumət qüvvələrinə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və onların mövqelərinə hava hücumları həyata keçirir. Buna cavab olaraq husilər krallığın infrastrukturuna qarşı hərbi əməliyyatlar həyata keçirirlər.
Tahir TAĞIYEV