"Rosneft"in keçmiş vitse-prezidenti İqor Soqlayevin qaldırdığı iddia əsasında Dubay məhkəməsi Rusiya yanacağının satışından əldə olunan 700 milyon dollardan çox vəsaiti dondurub. "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, iddiaçı bildirir ki, Rusiya və Azərbaycandan olan tərəfdaşları ona "atıblar". Qeyd edək ki, hələ 2024-cü ilin iyununda Dubay məhkəməsi azərbaycanlı neft treyderləri Etibar Eyyubov və Tahir Qarayevin, eləcə də digər 13 fiziki və hüquqi şəxsin Rusiya enerji resurslarının satışından əldə etdikləri təxminən 704 milyon dolları (təxminən 630 milyon avro) dondurub. "The Wall Street Journal" (WSJ) qəzetinin bu ilin 25 oktyabr tarixjndə verdiyi xəbərə görə, bu qərar "Deutsche Bank"ın Rusiyadakı nümayəndəliyinin keçmiş rəhbəri, "Rosneft"in keçmiş vitse-prezidenti və şirkətin baş direktoru İqor Seçinin keçmiş müşaviri İqor Soqlayevin məhkəməyə müraciəti əsasında qəbul edilib. WSJ-nin məlumatına görə, Eyyubov və Qarayevin rəhbərlik etdiyi, əvvəllər "Coral Energy" şirkətində çalışmış treyderlərdən ibarət "Coral" şəbəkəsi müharibənin ilk aylarında neft ixrac etmək üçün "Rosneft"lə gizli razılaşma imzalayıb. O vaxtdan bəri şəbəkə bazara nəzarətini gücləndirib və hazırda Rusiyanın "kölgə donanması" vasitəsilə illik on milyardlarla dollar dəyərində neftin ixracını həyata keçirir. Onların əsas bazarı Braziliyadır. Xəbərdə o da bildirilir ki, Eyyubov, Qarayev, onların gizli tərəfdaşları və onlarla əlaqəli şirkətlər hazırda Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalar altındadır.
SAMİRƏ