Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələrinin Azərbaycan tərəfinə yönələn tənqidləri fonunda Azərbaycandakı siyasi qüvvələrin mövqeyi müzakirə mövzusuna çevrilib. Xüsusilə, Türkiyədəki siyasi dairələrdən səslənən iradlara qarşı Azərbaycandakı hakim partiyadan başqa heç bir siyasi qüvvənin niyə açıq mövqe bildirmədiyi sual doğurur.
Azərbaycan partiyaları Türkiyədəki siyasi tərəfdaşlardan gələn iradlara münasibətdə niyə açıq mövqe ortaya qoymur və bu, iki ölkənin hakim siyasi dairələri arasında münasibətlərə necə təsir edə bilər?
Azər Həsrət: "Azərbaycanın müstəqil dövlət olduğunu göstərməli olduq"
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər" qəzetinə açıqlamasında Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranmış müzakirələrə münasibət bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi ilkin mərhələdə təmkinli davranmaqla düzgün taktika seçib. Məqsəd iki dövlət və xalq arasında münasibətlərin daha da zədələnməsinin qarşısını almaq olub.
Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə münasibətlərə yalnız hakimiyyətlər və siyasi partiyalar arasındakı əlaqələr prizmasından yanaşmır: "Qardaş Türkiyə ilə münasibətləri yüksək səviyyədə qiymətləndiririk. Bizim üçün bu münasibətlər həddən artıq dəyərlidir. Bu, sadəcə Türkiyə hakimiyyətinə və ya hakim partiyasına münasibət məsələsi deyil, Türkiyə dövlətinə, dövlətçiliyinə və xalqına münasibət məsələsidir. Hakimiyyətlər gəlib-gedir, siyasi partiyalar da dəyişir. Azərbaycan xalqı isə məsələlərə daha geniş və uzaqgörən yanaşmağı bacarır".
Azər Həsrət bildirib ki, Azərbaycan tərəfinin təmkinli mövqeyi Türkiyədə düzgün qiymətləndirilməyib və bu davranış bəziləri tərəfindən zəiflik kimi qəbul olunub. Onun fikrincə, Türkiyədən Azərbaycana yönələn sərt açıqlamaların artması nəticəsində Yeni Azərbaycan Partiyası və Milli Məclisin müvafiq komitəsi də bəyanatla çıxış etmək məcburiyyətində qalıb.
Şərhçi vurğulayıb ki, Azərbaycanda Türkiyəyə qarşı kütləvi şəkildə sərt mövqe nümayiş etdirmək niyyəti yoxdur. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti iki ölkə arasındakı münasibətlərin dəyərini anlayır və bu əlaqələrin qorunmasında maraqlıdır. Həsrət, hətta ayrı-ayrı şəxslərin Türkiyəyə qarşı sərt ritorikasının da tərəfdarı olmadığını bildirib.
O, Türkiyədə bəzi siyasi və ictimai dairələrin Azərbaycana münasibətini tənqid edərək, müəyyən çevrələrdə Azərbaycanın müstəqil dövlət kimi deyil, Türkiyənin siyasi təsir dairəsində olan bir ərazi kimi qəbul edildiyini iddia edib. Şərhçinin fikrincə, bu yanaşma qəbuledilməzdir və iki ölkə arasındakı bərabərhüquqlu münasibətlər prinsipinə uyğun gəlmir.
Azər Həsrət qeyd edib ki, Azərbaycan öz müstəqilliyini və suverenliyini qorumaqla yanaşı, Türkiyə ilə qardaşlıq münasibətlərinin zədələnməməsinə də çalışır. Lakin onun sözlərinə görə, müstəqil dövlətin öz mövqeyini ifadə etməsi bəzən Türkiyədəki bəzi şəxslər tərəfindən yanlış qarşılanır və təhqiramiz reaksiyalara səbəb olur.
Şərhçi bildirib ki, müzakirələrin ilk mərhələsində Azərbaycan tərəfi Türkiyənin rəsmi nümayəndələrindən münasibətləri qorumağa yönəlmiş çağırışlar gözləyib. Onun fikrincə, bu cür çağırışların edilməməsi və əksinə, Türkiyə rəsmilərindən sərt açıqlamaların səslənməsi vəziyyəti daha da gərginləşdirib.
Azər Həsrət, xüsusilə oktyabrın 12-dən 13-nə keçən gecə Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın Azərbaycanla bağlı paylaşımını qeyd edib. O, həmin açıqlamanı etik sərhədləri aşan mövqe kimi qiymətləndirib və bunun Azərbaycanda səbrin tükənməsinə səbəb olduğunu bildirib. Şərhçinin sözlərinə görə, bundan sonra YAP-ın, Milli Məclisin müvafiq komitəsinin və ayrı-ayrı ictimai-siyasi şəxslərin sərt reaksiyaları yaranmış vəziyyətə cavab xarakteri daşıyıb.
Azər Həsrət sonda vurğulayıb ki, iki qardaş dövlət arasında münasibətlərin qorunması hər iki tərəf üçün vacibdir. Bununla belə, qardaşlıq münasibətləri Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət əsasında qurulmalıdır. Onun fikrincə, yaranmış gərginliyin aradan qaldırılması üçün qarşılıqlı hörmət, təmkin və bərabərhüquqlu münasibət prinsipləri əsas götürülməlidir.
Dəniz NƏSİRLİ