Akif Nağı: “Bu məsələni “problem” kimi qələmə verməklə Ermənistan Gürcüstanı öz tərəfinə çəkməyə, Gürcüstanla bir mövqədən çıxış etməyə cəhd edir”
Erməni mediasında Azərbaycan və Gürcüstan arasında sərhəd delimitasiyası prosesində "ciddi problemlər" olacağı iddia olunur. Ermənistan mətbuatı "Kavkazar" Telegram kanalına “istinadən” yazır ki, təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də Bakı ilə Tbilisi arasında ərazi və tarixi mübahisələr mövcuddur.
Azərbaycan Gürcüstanla sərhədlərin delimitasiyası komissiyasının yeni tərkibini təsdiqləyib. Tbilisi də əvvəllər ikitərəfli işi davam etdirmək niyyətində olduğunu açıqlayıb. Son hesablamalara görə, tərəflər təxminən 446 kilometrlik ortaq sərhədlərinin təxminən 260 kilometri barədə razılığa gəliblər. Sovet xəritələrindəki uyğunsuzluqlar və sərhəd ərazilərinin mürəkkəb relyefi danışıqları çətinləşdirir.
Lakin komissiyaların yenilənməsi hələ bütün ziddiyyətlərin həlli demək deyil. Kanal qeyd edir ki, ən mürəkkəb məsələlərdən biri orta əsr David Qareci monastır kompleksi ilə bağlıdır.
Gürcüstan tərəfi, xüsusən də 1938-ci ilə aid xəritələrə istinad edərək, bütün kompleksin Gürcüstana məxsus olduğunu iddia edir. Gürcüstan hökuməti həmçinin bu sənədlərin əvvəlki hakimiyyət orqanları tərəfindən qəsdən gizlədildiyini iddia edib.
Bakı öz növbəsində ayrı-ayrı monastır yerlərinin Gürcüstana məxsusluğuna etiraz edir və regionun xristian irsinin tarixinə dair öz şərhini irəli sürür.
Bunu erməni mediası iddia edib.
Ekspertlərin fikrincə, erməni mediasının Azərbaycan və Gürcüstan arasında sərhəd delimitasiyası prosesində "ciddi problemlər" olacağı ilə bağlı iddiaları, ilk növbədə regionda yaranmış yeni geosiyasi reallıqları manipulyasiya etmək və iki strateji tərəfdaş arasında süni gərginlik görüntüsü yaratmaq məqsədi daşıyır.
Azərbaycan və Gürcüstan sərhədlərin tam dəqiqləşdirilməsi istiqamətində institusional addımları sürətləndirib. 10 oktyabr 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası"nın yeni tərkibinin təsdiqlənməsi barədə sərəncam imzalayıb. Eyni zamanda Gürcüstan tərəfi də öz büdcə planlamasında Azərbaycan və Ermənistanla sərhəd proseslərinin davam etdirilməsinə xüsusi diqqət ayırıb. Bu, hər iki tərəfin məsələni gərginlik deyil, hüquqi müstəvidə həll etmək iradəsini göstərir.
Azərbaycan-Gürcüstan sərhədinin təxminən üçdə ikisi artıq delimitasiya olunub. Yerdə qalan hissələrdə (məsələn, David Qareci / Keşikçidağ monastır kompleksi ətrafı və bəzi yerli məbədlərlə bağlı məsələlər) müəyyən həssaslıqların olduğu sirr deyil. Keçmişdə və son günlərdə bu mədəni-dini irs obyektləri ətrafında lokal fikir ayrılıqları və diplomatik narahatlıqlar ifadə olunub.
Erməni mediası məhz bu həssas nöqtələri böyüdərək iki ölkə arasında guya "həllolunmaz böhran" yaranacağını iddia edir.
Lakin hər iki ölkənin rəsmi dairələri bu məsələlərin strateji tərəfdaşlıq və dostluq ruhuna uyğun olaraq, komissiyalar çərçivəsində, peşəkar səviyyədə həll ediləcəyini bəyan edirlər. Ermənistan mətbuatının bu mövzunu qabartmasının arxasında bir neçə siyasi manipulyasiya dayanır. Ermənistanın özünün həm Azərbaycan, həm də Gürcüstanla sərhəd delimitasiyası prosesləri davam edir (hətta Azərbaycan və Ermənistan delimitasiyanın məhz Gürcüstanla kəsişmə nöqtəsindən – şimaldan başlamasına razılıq veriblər). Erməni mediası regional diqqəti öz üzərindən yayındırmağa çalışır. Bakı və Tbilisi arasında hər hansı bir məsələdə fikir ayrılığı tapmaq cəhdi, İrəvanın bölgədəki geosiyasi təcridini vizual olaraq zəiflətmək istəyindən irəli gəlir.
Sərhəd delimitasiyası texniki, tarixi və hüquqi baxımdan mürəkkəb prosesdir və iş zamanı müzakirələrin, fərqli yanaşmaların olması normaldır. Lakin Azərbaycanla Gürcüstan arasındakı nəqliyyat, enerji və strateji müttəfiqlik bağları bu məsələnin hər hansı bir "düşmənçilik və ya ciddi problemə" çevrilməsinə imkan verməyəcək qədər güclüdür. Erməni mediasının yazdıqları isə real faktlara deyil, arzuolunan siyasi ssenarilərə əsaslanan təbliğat materialıdır.
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Gürcistanla delimtasiya məsələsinin mübahisəli tərəfləri var, bununla bağlı zaman-zaman da aramızda mübahisələr çıxır. “Yəni Keşikçidağ monastrı, Kürmük məbədilə bağlı son dövrdə müəyyən iddialar irəli sürürlər. Gürcülər geri çəkilmək, reallıqla hesablaşmaq istəmirlər. Yalancı bir tarix quraşdırıb onu qabartmağa çalışırlar. Amma hesab edirəm ki, bu məsələlər öz həllini tapacaq. Yəni Azərbaycan haqlı mövqedədir, tarix də, hüquq da bizim tərəfimizdədir. Gürcüstan bununla hesablaşmalıdır. Sadəcə, məsələnin diqqət çəkən tərəfi odur ki, ermənilər niyə bu məsələni qaldırırlar? Yəni, özlərindən diqqəti yayındırmağa çalışırlar, yoxsa, başqa məsələ var? Bu daha çox Ermənistanın daxili auditoriyasına hesablanıb və belə qələmə vermək istəyirlər ki, Azərbaycanın Gürcüstanla da sərhəddlərin delimitasiya və demarkasiyası problemi var. Yəni bu iddiaları yaymaqla daxili auditoriyanı sakitləşdirmək istəyirlər. Çünki delimitasiya və demakrasiya məsələsinə Ermənistanda çox sərt yanaşılır. Müxalif qüvvələr, revanşistlər Paşinyan hakimiyyətinə qarşı ən azından sözdə xal toplamaq, siyasi dividend əldə eləmək üçün bu məsələni zaman-zaman ortaya gətirirlər, “Kərki qaytarılmayacaq”, “Qazax rayonun kəndlərinin qaytarılmasından söhbət gedə bilməz” deyirlər, eyni zamanda vaxtaşırı Başkənd məsələsini qaldırırlar. Yəni Ermənistan müxalifəti bu məsələ ilə bağlı fəaldır və çalışırlar ki, bundan Paşinyan hakimiyyətinə qarşı istifadə eləsinlər. Ona görə də Paşinyan hakimiyyəti də bununla bağlı həm media vasitəsilə, həm özünün rəsmi açıqlamaları ilə diqqəti müəyyən qədər yayındırmaq istəyir. Çalışırlar ki, bu məsələni sakitcə həyata keçirsinlər, ölkə daxilində ciddi bir qarşılama yaranmasın. Artıq orada Kərki kəndi ilə bağlı məsələ üçün hazırlıq işlər gedir ki, onu Azərbaycan qaytaracaqlar. Vaxtdaşı Paşinyanın komandası da açıqlamalar da verirlər ki, Kərki Azərbaycan kəndidir”.
Eyni zamanda Gürcistanın da qismində özlərinə bir müxtəfiq qazanmaq istəyirlər. A.Nağı vurğuladı ki, Ermənistanın məqsədi Gürcüstanın timsalında özünə yeni müttəfiq qazanmaqdır. O, qeyd etdi ki, Cənubi Qafqazda müəyyən məsələlərdə Gürcüstanı öz tərəflərinə çəkməyə çalışırlar: “Bu məsələni “problem” kimi qələmə verməklə Ermənistan Gürcüstanı öz tərəfinə çəkməyə, Gürcüstanla bir mövqədən çıxış etməyə, Azərbaycanı təkləməyə cəhd edir. Yəni, Gürcüstanla Ermənistan əgər delimitasiya məsələlərində birləşərlərsə bu, Azərbaycan üçün çətin ola bilər. Amma buna nail ola bilməyəcəklər.
İstər gürcülərlə, istərsə də ermənilərlə bağlı Azərbaycan dövlətinin mövqəyi aydındır və ortadadır. Azərbaycanın yarım addım da olsun öz mövqeyindən geri çəkilmək fikri yoxdur. Azərbaycanın gürcülərlə və ermənilərlə bağlı qoyduğu məsələlər düzgün məsələdir. Çünki tarix də, hüquq da, beynəlxalq öhtəliklərlə bağlı vəziyyət də bizim tərəfimizdir. Ona görə də, ermənilərin yazdıqlarının elə bir ciddi təsiri olmayacaq. İnanmıram ki, Gürcüstan ermənilərin təxribatlarına uyub onlarla eyni mövqedən çıxış etsinlər.
Gürcüstanla bu məsələni ayrıca müstəvidə müzakirə edirik və normal müzakirələr gedir. Gürcüstan tərəfin mövqeyi də, orada ictimai rəy də o istiqamətləri ki, artıq-əskik hərəkət etməyə ehtiyac yoxdur, Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaq lazımdır. Orada da ictimai rəy var. İndi hakimiyyətdə kimlərsə Azərbaycanın mövqeyini başa düşmürlərsə, bunu da geç-tez anlayacaqlar.
Ona görə proses hələ də yarımçıq qalır. Bu o vaxta qədər yarımçıq qalacaq ki, gürcələr Azərbaycanın mövqeyini tam başa düşsünlər, hesablaşsınlar. Erməni mediasının təxribatlarına baxmayaraq, Gürcüstan və Azərbaycan arasında bu məsələ öz həllini tapacaq”-deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA