Azər Həsrət: “Trampla bağlı ABŞ-da impiçmentin olacağını gözləmirəm”
Nümayəndələr Palatasının spikeri demokratların ilk gündən Trampa qarşı impiçment proseduruna başlayacaqlarını bəyan edib. Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, aralıq seçkilərdə demokratlar çoxluq qazanacağı təqdirdə, onlar artıq ilk iş günündə ABŞ prezidenti Donald Trampın impiçmenti proseduruna start verəcəklər.
Hazırda respublikaçılar Konqresin hər iki palatasında cüzi çoxluğa malikdirlər, buna görə də Nümayəndələr Palatasına nəzarət seçkilərin ən mühüm məsələlərindən birinə çevriləcək.
İnflyasiya, yanacağın qiymətinin yüksək olması Trampın reytinqin əhəmiyyətli şəkildə aşağı salıb. Vəziyyət o yerə çatıb ki, ənənəvi olaraq Respublikaçılar Partiyasının üstünlük qazandığı ştatlarda belə, Trampın mövqeləri zəifləyir. Deyəsən, belə getsə Tramp impiçmentdən qaça bilməyəcək.
Sözügedən məsəli baki-xebr.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Trampla bağlı situasiya o qədərdə bədbin deyil: “Çünki onun hələ də təsir imkanları çoxdur. Ümumiyyətlə, partiyası da, özü də dünyanın hər tərəfində Birləşmiş Ştatların içində kifayət qədər dəstəyə və marağa malikdir. Yəni Tramp həqiqətən də böyük liderdir. Bəzən onun komik davranışları, xoşumuza gəlməyən yanaşmaları olsa da onun ölkə daxilində dəstəyi yetərincə yüksəkdir. Əlbəttə ABŞ-da seçki yarışı hər zaman kövrək olub. Mütləq qələbədən heç vaxt danışa bilmirik. Adətən qələbə nisbi fərqlə yarı-yarıya olur. Bu dəfə də bənzər şey baş verə bilər deyərdik, amma proseslər onu göstərir ki, Trampın tərəfdarları ayaqdadır. Üstəlik də nəzərə almalıyıq ki, impiçment prosesi özü çox uzun prosesdir. Hətta Demokratlar Partiyası qalib gəlsə belə, o prosedura başlasalar belə, xeyli vaxt sərf etməli olacaqlar. Unutmayaq ki, Trampın prezidentlik müddətinin artıq iki ili gedib. Yəni faktiki olaraq iki ilin tamamı mərhələsindəyik. Sonrakı mərhələdə nə olar, nə olmaz bu, Trampa elə də ciddi problem yarada bilməyəcək. O baxımdan Trampla bağlı ABŞ-da impiçmentin olacağını gözləmirəm. Ümumiyyətlə, ABŞ elə sistem qurub ki, dövlətin başındakı şəxsin vəzifədən uzaqlaşdırılıb da, dövləti təhlükəyə atacaq kimi durumlar çox nadir hallarda baş verir. Məsələn, prezident Riçard Niksonun 1974-cü ildə impiçment məsələsi vardı. O, impiçment olmadan istefa verdi. Lakin belə hallar tez-tez baş vermir. Olduqca nadir hadisədir. Belə bir nadir hadisənin də hazırda dünyanı idarə edən Trampın başına gətirilə biləcəyini pronozlaşdırmaq mümkün deyil”.
Vidadi ORDAHLLI