Bir dövlətin hansı dəyərlərə sahib olduğunu anlamaq üçün onun bəyanatlarına deyil, atdığı addımlara baxmaq kifayətdir. Azərbaycanın dinə münasibətini qiymətləndirərkən də məhz bu meyardan çıxış etmək lazımdır. Ölkəmizin İslama qarşı olduğu barədə səsləndirilən iddialar isə tarixi reallıqlarla, dövlət siyasəti ilə və Azərbaycanın çoxəsrlik mənəvi irsi ilə uzlaşmır.
Əgər Azərbaycan dövləti İslam dininə qarşı olsaydı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa prosesində məscidlərin yenidən qurulmasına, dini abidələrin qorunmasına və müqəddəs məkanlarımızın əvvəlki görkəminə qaytarılmasına bu qədər böyük əhəmiyyət verərdimi? Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızda dağıdılmış, təhqir edilmiş və yararsız vəziyyətə salınmış məscidlər bu gün təkcə memarlıq abidələri kimi deyil, milli yaddaşımızın və mənəvi kimliyimizin ayrılmaz hissəsi kimi bərpa olunur.
Bu məqamda bir həqiqəti xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan üçün məscid yalnız ibadət yeri deyil. O, xalqımızın tarixi, mədəniyyəti, mənəviyyatı və milli kimliyi ilə bağlı dəyərdir. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası həm də uzun illər ərzində məhv edilməsinə cəhd göstərilən tarixi irsimizə sahib çıxmaq deməkdir. Azərbaycanın dinə münasibətini kiminsə subyektiv mülahizələri əsasında qiymətləndirmək doğru deyil. Bu münasibət dövlətimizin həyata keçirdiyi siyasətdə, qoruduğu dini-mədəni irsdə və müxtəlif konfessiyaların nümayəndələrinə yaratdığı şəraitdə öz əksini tapır. Azərbaycan dünyəvi dövlətdir. Lakin dünyəvilik dinə qarşı olmaq demək deyil. Əksinə, həqiqi dünyəvilik dövlətin bütün dini inanclara bərabər və ədalətli münasibət göstərməsi, insanların vicdan və etiqad azadlığını təmin etməsi deməkdir.
Azərbaycanın özünəməxsusluğu da məhz bu yanaşmada ifadə olunur. Ölkəmizdə İslam dini xalqımızın mənəvi həyatında mühüm yer tutur. Bununla yanaşı, xristianlıq, yəhudilik və digər dini ənənələrin nümayəndələri də əsrlər boyu Azərbaycan cəmiyyətinin bir hissəsi olublar. Müxtəlif dinlərin və mədəniyyətlərin birgə mövcudluğu ölkəmizin tarixi təcrübəsinin mühüm xüsusiyyətidir.
Təbii ki, dini tolerantlıq yalnız gözəl ifadələrdən ibarət olmamalıdır. O, gündəlik həyatda, qanunların tətbiqində, ibadət məkanlarının qorunmasında və fərqli inanclara sahib insanların hüquqlarına hörmətdə özünü göstərməlidir. Azərbaycan bu istiqamətdə öz təcrübəsini formalaşdırıb və multikulturalizmi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. Buna görə də Azərbaycanın İslama münasibətini mübahisə predmetinə çevirmək istəyənlər ilk növbədə faktlara baxmalıdırlar. Azad edilmiş torpaqlarımızda məscidlərin bərpası, dini irsimizin qorunması və müxtəlif konfessiyaların fəaliyyətinə yaradılan şərait konkret addımlardır. Bu addımları görməzdən gəlmək isə obyektiv yanaşma deyil. Bir məqam da unudulmamalıdır ki, din siyasi manipulyasiyanın alətinə çevrilməməlidir. İslamdan danışaraq Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmək, dini dəyərləri siyasi məqsədlərə uyğun yozmaq nə dinə hörmətə, nə də cəmiyyətlər arasında qarşılıqlı anlaşmaya xidmət edir.
Azərbaycanın mövqeyi isə aydındır. Dövlətimiz dünyəvi prinsiplərə əsaslanır, xalqımız isə zəngin dini və mənəvi ənənələrə sahibdir. Bu iki həqiqət bir-birinə zidd deyil. Əksinə, onların vəhdəti cəmiyyətimizin sabitliyini və mədəni müxtəlifliyini gücləndirir. Azərbaycanın dinə münasibəti ittihamlarla deyil, gördüyü işlərlə qiymətləndirilməlidir. İslam bizim tarixi və mənəvi irsimizin mühüm hissəsidir. Digər dinlərə hörmət isə bu irsin zənginliyini tamamlayan dəyərdir. Çünki həqiqi tolerantlıq yalnız öz inancına sahib çıxmaq deyil, başqasının inancına da hörmət göstərməkdir. Azərbaycanın müdafiə etdiyi dəyər də məhz budur.
Lamiyə İsazadə,
Yazıçı-publisist, Prezident təqaüdçüsü.