"Əlbəttə, bir müəllim olaraq onu deyərdim ki, məktəblərdə vahid geyim formasının tətbiq edilməsi çox müsbət haldır. Həm müəllim, həm tələbə, həm də şagird üçün geyim mədəniyyəti birinci yerdə olmalıdır. Bizim dövrümüzdə də vahid məktəbli forması vardı, biz qara don, ay önlük geyərdik.
Şagirdlər bir - birindən seçilmirdi, çox gözəl görsənirdi. Sonra da qara ətək, ağ köynək, ağ corab geyirdik, saçımıza da ağ bantlar vururduq. Hamı elə gözəl görsənirdi ki...
Rəsmi qərara əsasən vahid məktəbli forması tətbiq olunur. Bu müsbət haldır. Şagird şagird kimi geyinməlidir və vahid məktəbli geyimi şagirdlər arasında sosial bərabərliyə xidmət edir. Bunun müsbət tərəflərindən biri də odur ki, şagirdlər bir - birindən seçilmir. Düzdür, hər məktəbin öz geyim forması var və bu da təbiidir".
Bu fikri baki-xeber.com-a Xalq artisti, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Gülyanaq Məmmədova deyib. Vahid məktəbli geyimlərinin tətbiqinin müsbət bir hal olduğunu deyən G. Məmmədova bildirdi ki, özəl məktəblərin də ayrıca geyim formaları var və bütün şagirdlər eyni geyinir.
"Dövlət məktəblərində də, özəl məktəblərdə də şagirdlərin forması xoşuma gəlir. Biz müəllimlər də geyim mədəniyyətini qorumalıyıq. Şagird, tələbə qarşısına çıxan hər bir müəllim geyimində diqqətli olmalıdır". Məktəbli geyimlərində bərabərliyin, eyniliyin tərəfdarı olduğunu deyən xalq artisti hesab edir ki, bu həm səliqəli, gözəl görsənir, həm də şagirdlər arasında sosial ayrı-seçkiliyə yol açmır.
Xalq artisti qeyd etdi ki, vahid məktəbli geyimi tələbinə bütün şagirdlər riayət etməlidir.
İradə SARIYEVA