Bu gün, noyabrın 25-də Kəlbəcər Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən təsis edilən bu gün Kəlbəcərin işğaldan azad olunmasının ildönümü ilə əlaqədar qeyd edilir.
Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də isə 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycana qaytarılmışdır. Həmin gün rayonun 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri bir güllə atılmadan təhvil verilmişdir.
İşğal dövründə rayonun infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalıb, minlərlə sakin doğma yurdundan didərgin düşüb. Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yaşayış məntəqələri və sosial infrastruktur yenidən qurulur.
Ötən il avqustun 20-dən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərin doğma torpaqlarına köçü davam edir. Eyni zamanda, Zar kəndində 547 fərdi yaşayış evinin tikintisi aparılır, İstisu Müalicə-İstirahət Kompleksi və digər mühüm layihələr həyata keçirilir.
Görülən işlər Kəlbəcərin yenidən dirçəldilməsinə, sakinlərin doğma yurdlarında müasir yaşayış şəraiti ilə təmin olunmasına xidmət edir.
TAHİR