Azərbaycanın ideya müəllifi olduğu Zəngəzur dəhlizinin reallaşması artıq özünün praktiki mərhələsinə daxil olur. Başqa bir adı da TRIPP olan bu dəhlizin siyasi-iqtisadi əhəmiyyəti Cənubi Qafqaz sərhədlərindən çox kənara çıxır. O, Avrasiya miqyasında nəqliyyat xəritəsinin mənzərəsini əhəmiyyətli dərəcədə dəyişir. Eyni zamanda, TRIPP türk dünyasında qırılmış coğrafi bağları bərpa edən bir mühüm layihə kimi də qəbul olunur. Bundan narahat olan qüvvələr də az deyil. Məsələn, elə cənub və şimal qonşularımız olan Rusiya ilə İran TRIPP-in reallaşmasını qəbul etmək istəmirlər. Məhz bu fonda Ermənistana həmin ölkələr tərəfindən təzyiqlər davam edir.
Uzun illər münaqişə və qarşıdurma məkanı olan Cənubi Qafqazda sülh və əməkdaşlıq atmosferinin bərqərar olması üçün daha bir mühüm addım atılır. Azərbaycanın təşəbbüsü ilə meydana çıxan Zəngəzur dəhlizinin reallaşmasına, nəhayət ki, Ermənistanda start verildi. Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Bakı və İrəvan arasında sülh müqaviləsi paraflandı. Yenə burada Azərbaycan və Ermənistan rəhbərləri regionda tranzit yollarının açılması layihəsi barədə razılığa gəldilər. Söhbət ilk növbədə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" və ya qısa adı TRIPP olan layihədən gedir. Həm TRIPP, həm də regionda digər nəqliyyat kommunikasiyaları sülhü təşviq etmək məqsədilə daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün nəzərdə tutulub. Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqə qurmaq imkanı əldə edir. TRIPP layihəsi həm avtomobil, həm də dəmir yolu əlaqələrini əhatə edir. Eyni zamanda buradan elektrik enerjisi və qaz xətlərinin keçməsi də nəzərdə tutulur. Artıq elektrik enerjisi xətlərinin çəkilişi məqsədilə müvafiq addımlar da atılır. Amma layihə əvvəlki kimi İran və Rusiyada ciddi təşviş yaradır. Rusiyalı siyasi şərhçi Pyotr Akopov bildirir: “ABŞ yenidən Cənubi Qafqazda köhnə bir layihəni canlandırmağa çalışır: Xəzərdən Qara dənizə qədər əraziləri nəqliyyat və enerji arteriyaları ilə birləşdirmək. Amerikalılar bu ideyanı uzun müddətdir dəstəkləyirlər və indi də ondan Ermənistanla Azərbaycan arasında sülh və əməkdaşlığın qurulması üçün vasitə kimi istifadə edirlər. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ İrana qarşı öz oyununu oynayır və buna görə də iranlılar TRIPP-i əsasən özlərinə qarşı yönəlmiş bir layihə kimi görürlər. İran Ermənistanı Türkiyə-Azərbaycan əlaqəsindən asılı hala gətirən bir layihəni rədd edir”.
Moskvada da TRIPP-ə yanaşma birməanlı deyil. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk əvvəllər qeyd etmişdi ki, TRIPP layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda regional tarazlığı pozur. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözlərinə görə, TRIPP-də Moskvanın iştirakı vacibdir. Onun fikrincə, Rusiyanın iştirakı ilə TRIPP layihəsinin daha effektiv şəkildə həyata keçirilməsi mümkündür. Amma Kremlin bu istəyinə baxmayaraq, İrəvan TRIPP-in ikitərəfli müqavilə əsasında ərsəyə gəldiyini, iştirakçıların da Ermənistan və ABŞ olduğunu bildirir. Qeyd olunur ki, Rusiyaya burada yer yoxdur. Məhz bu da Moskvanın TRIPP-ə mənfi müstəvidə yanaşmasını şərtləndirir. Kreml artıq Ermənistana xəbərdarlıqlar da göndərir. Qeyd olunur ki, TRIPP onilliklərdir Ermənistanın Türkiyə və İranla dövlət sərhədini qoruyan Rusiya sərhədçilərinin təhlükəsizliyi təmin etdiyi hissədən keçəcək. Qaluzin hesab edir ki, bu şərtləri nəzərə alaraq, Rusiyanın burada mövqeyi və fikirləri nəzərə alınmalıdır. İrəvan isə buna ehtiyac olmadığını bəyan edir. Nəticədə, Moskva və İrəvan arasında TRIPP ziddiyyəti dərinləşir. Gözlənilir ki, Rusiya bu məsələdə Ermənistana təzyiqlərini daha da artıracaq. Həmçinin Rusiya rəsmiləri tərəfindən iddialar da səslənir ki, ABŞ TRIPP-in mühafizəsi altında Ermənistana öz hərbi və kəşfiyyat qüvvələrini yerləşdirəcək ki, onlardan da İrana qarşı istifadə olunacaq. Bununla Rusiya İranın da TRIPP-ə görə Ermənistana təzyqlərini artırmağa çalışır. Bu şəraitdə Ermənistan ABŞ və Avropanın dəstəyinə ümid edir. Ermənistanlı politoloq Stepan Danielyan bildirir: “Rusiya hələlik TRIPP təşəbbüsünə qarşı birbaşa bəyanat verməyib. Amma açıqlamalar rusların heç də bu layiənin icrasında maraqlı olmadığını üzə çıxarır. Moskvanın mövqeyini bir ifadə ilə ümumiləşdirmək olar: TRIPP biz iştirak etdiyimiz zaman işləyəcək. Bundan başqa, böyük TRIPP və kiçik TRIPP layihəsi var. Kiçik olan 42 kilometrdir. Ən böyüyü bundan irəli gələn hər şeydir: İran və Türkiyəyə dəmir yolu, onların Rusiya dəmir yolu şəbəkəsi ilə əlaqəsi. Bu mənada, təbii ki, Rusiya və İranın maraqları nəzərə alınarsa, TRIPP effektiv işləyə bilər”. TRIPP-n reallaşması ilə Cənubi Qafqazın iqtisadi və kommunikasiya məkanı kimi dünyada əhəmiyyəti artacaq. Bundan başqa, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında əlaqələr güclənəcək, türk dünyasının coğrafi bağları daha da möhkəmlənəcək. Həmçinin regionda davamlı sülh və təhlükəsizlik üçün iqtisadi zəmin daha möhkəm özüllər üzərində bərqərar olacaq. Naxçıvanın blokada vəziyyətindən xilası, müxtar resbublikanın iqtisadi və geostrateji əhəmiyyəti yüksələcək. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqə yaranacaq. TRIPP-in işə düşməsi Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq. TRIPP-in icrasına dünyanın Avropa və Çin kimi güc mərkəzləri də xüsusi maraq göstərirlər. Ən başlıcası isə odur ki, layihə Azərbaycanın Avrasiyada mühüm tranzit-logistika qovşağı kimi əhəmiyyətini daha da artıracaq.
Samirə SƏFƏROVA