İraqın dövlət aviaşirkəti “Iraqi Airways” sabiq prezident Səddam Hüseynin istifadə etdiyi “Boeing 747SP” təyyarəsini satışa çıxarıb.
Şirkətin məlumatına görə, Tunisinin cənub-qərbindəki dayanacaqda saxlanılan iki “Boeing 747” təyyarəsinin hər biri 900 min dollar qiymətləndirilib. Satışa çıxarılan təyyarələrdən biri vaxtilə İraq hökumətinə məxsus olub və Səddam Hüseynin uçuşları üçün istifadə edilib.
Potensial alıcıların müraciətləri dekabrın 21-dən yanvarın 5-dək İraqın Tunisdəki səfirliyində yaradılmış xüsusi komitə tərəfindən qəbul ediləcək.
“Iraqi Airways” bildirib ki, təyyarələr mövcud texniki vəziyyətində və heç bir texniki zəmanət verilmədən satılır. Onların daşınması, təmir edilməsi, gömrük rüsumları və hüquqi rəsmiləşdirmə xərcləri alıcının üzərinə düşəcək.
Satışa çıxarılan ikinci təyyarə isə 330 sərnişin tutumuna malik “Boeing 747-200” modelidir. Hər iki təyyarə 1982-ci ildə istehsal olunaraq İraqa gətirilib.
Məlumata görə, 1991-ci ilin yanvarında, ABŞ və müttəfiqlərinin “Səhrada fırtına” əməliyyatından əvvəl İraq hakimiyyəti mümkün hava hücumlarından qorumaq məqsədilə bir neçə sərnişin təyyarəsini ölkədən çıxararaq Yaxın Şərqin müxtəlif dövlətlərinə göndərib. Səddam Hüseynin istifadə etdiyi təyyarə də həmin vaxt Tunisdəki Tauser-Nefta Beynəlxalq Hava Limanına aparılıb və o vaxtdan orada saxlanılır.
“Al Arabiya” telekanalının məlumatına əsasən, İraqa məxsus digər təyyarələrin bir qismi İordaniya və İrana göndərilib. Onlardan bəziləri sonradan metal qırıntısı kimi satılıb, digərləri isə hələ də müxtəlif ölkələrdə saxlanılır.
İraq hakimiyyəti təyyarələrin satışa çıxarılması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Tahir TAĞIYEV