İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi Sefer Karakoyunlu Ermənistanın Baş naziri Nikol Paşinyana çağırış edərək Metsamor Atom Elektrik Stansiyasının bağlanması üçün konkret və şəffaf təqvim açıqlamağı tələb edib.
Karakoyunlu bildirib ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasını, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasını və regional əməkdaşlığın inkişafını dəstəkləyir. Lakin onun sözlərinə görə, bölgə əhalisinin sağlamlığı və təhlükəsizliyini təhdid edə biləcək problemlər diqqətdən kənarda qalmamalıdır.
O, 1976-cı ildə sovet texnologiyası ilə inşa edilmiş Metsamor AES-in seysmik riskli ərazidə yerləşdiyini xatırladaraq, mümkün nüvə qəzasının nəticələrinin Ermənistanla məhdudlaşmayacağını vurğulayıb. Belə bir hadisənin Naxçıvan, Türkiyənin şərq bölgələri və bütövlükdə Cənubi Qafqaz üçün ciddi təhlükə yarada biləcəyini qeyd edib.
Karakoyunlu həmçinin region ölkələri arasında müstəqil radiasiya monitorinqi, nüvə təhlükəsizliyi, ətraf mühitin qorunması və fövqəladə halların idarə olunması üzrə birgə mexanizmlərin yaradılmasını təklif edib.
O, mövqeyini belə ifadə edib: sərhədlərin açılmasına, sülhə və iqtisadi əməkdaşlığa dəstək var, lakin insan sağlamlığı və ətraf mühit üçün təhlükə hesab edilən Metsamor AES-in fəaliyyətinin dayandırılması məsələsi təxirə salınmamalıdır.
Tahir TAĞIYEV