Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. O, sosial şəbəkə hesabında sənədin tam mətni ilə tanış olmaq üçün hazırlanmış xüsusi internet resursunun keçidini paylaşıb.
Paşinyanın sözlərinə görə, yeni platformanın yaradılmasında əsas məqsəd Konstitusiya layihəsini vətəndaşlar üçün əlçatan etmək, onların sənədi ətraflı öyrənməsinə və müvafiq təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.
Layihədə diqqət çəkən əsas dəyişikliklərdən biri isə preambulada Ermənistanın 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır.
Bu məqam xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ermənistanın hazırkı Konstitusiyasında Müstəqillik Bəyannaməsinə edilən istinad Azərbaycanla münasibətlərdə mübahisəli məsələlərdən biri hesab olunur. Həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar mövcuddur.
Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Ermənistanın konstitusion sənədlərində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması iki ölkə arasında davamlı sülhün təmin edilməsi baxımından mühüm şərtlərdəndir.
Yeni layihədə bu istinadın yer almaması Ermənistanın konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrə yeni məzmun qazandırır. Bununla belə, sənədin yekun taleyi və qəbul olunması hələ qarşıdakı siyasi və hüquqi proseslərdən asılı olacaq.
Tahir TAĞIYEV