Tural İsmayılov: “Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirməli, Qərbi Zəngəzurun tarixi-mədəni irsinin obyektiv araşdırılması üçün beynəlxalq səviyyədə təşəbbüslərini gücləndirməlidir”
Ermənistan Qərbi Zəngəzur (erm. Syunik) bölgəsində qədim alban irsinə aid qayalıq yaşayış məskənlərini UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına təqdim etmək üçün sənədlər hazırlayır.
Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentdə çıxışı zamanı bildirib.
"Artaşat şəhəri, Syunik bölgəsindəki qayalıq yaşayış məskənləri və Lori qalası ilə bağlı UNESCO-ya yeni namizədlik sənədləri təqdim etməyi planlaşdırırıq. Hazırda bununla bağlı sənədlərin hazırlanması istiqamətində işlər aparılır”, – deyə Janna Andreasyan bildirib.
Nazir qayalıq yaşayış məskənləri ilə bağlı konkret adlar çəkməsə də, Qərbi Zəngəzurda bu tip məskənlər və kahalar yalnız Gorus yaxınlığındakı Xınzirək və Dığ kəndlərində yerləşir.
Trend qeyd edib ki, hər iki kənd Qərbi Zəngəzurun tarixən azərbaycanlıların yaşadığı qədim yaşayış məntəqələri sayılır. Həmin kəndlərin tarixi abidələri sırasında qayalarda oyulmuş kahalar, qala, Alban memarlığının danılmaz elementləri olan bazilika və s. daxildir.
Ermənistanın tarixi Azərbaycan kəndləri olan Xınzirək və Dığ kəndlərindəki alban irsinə aid tarixi məskənlərini UNESCO-ya daxil etmək və özünküləşdirmək niyyəti Alban irsi nümunələrinin qorunması probmelini aktual edir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı dönəmində Qarabağ və Şərqi Zəngəzurdakı Alban irsinə aid Gəncəsər və Xudavəng monastırlarını, digər abidələri da özünküləşdirmək, alban irsini yox etmək üçün fəaliyyətləri üzə çıxıb.
Xatırladaq ki, Xınzirək və Dığ kəndlərinin azərbaycanlı sakinləri XX əsrin 20-ci və 50-ci illərində etnik təmizləməyə məruz qalaraq zorla yaşadıqları ərazilərdən deportasiya olunublar.
Azərbaycan tərəf Ermənistanın bu təxribatçı addımının qarşısını necə almalıdır? Burada mədəni diplomatiyamızın üzərinə nə kimi işlər düşür?
Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Ermənistanın Qərbi Zəngəzurda yerləşən qayalıq yaşayış məskənlərini UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına təqdim etmək istiqamətində hazırlıq aparması sıradan mədəniyyət təşəbbüsü kimi qiymətləndirilə bilməz. “Bu addımın arxasında tarixi irsin beynəlxalq müstəvidə təqdimatı ilə yanaşı, bölgənin tarixi-mədəni kimliyinə dair siyasi narrativ formalaşdırmaq cəhdi dayanır. Ermənistan uzun illərdir tarixi və mədəni irsi siyasi məqsədlərinə uyğun şəkildə şərh etməyə, müxtəlif dövrlərə aid abidələri özünün müstəsna milli irsi kimi təqdim etməyə çalışır. İndi isə bu yanaşmanı UNESCO platformasına daşımaq niyyətindədir”.
T.İsmayılov qeyd etdi ki, Alban irsi məsələsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. “Çünki Qafqaz Albaniyası regionun qədim dövlətçilik və mədəniyyət tarixinin mühüm səhifəsidir. Alban memarlığı, dini abidələri, yazılı irsi və arxeoloji nümunələri Azərbaycan xalqının tarixi-mədəni yaddaşının ayrılmaz hissəsidir. Bu irsin müxtəlif coğrafiyalarda mövcud olması onun siyasi sərhədlər və müasir dövlətlərin maraqları əsasında yenidən təsnifləşdirilməsinə əsas vermir. Tarixi faktlar ideoloji sifarişlə dəyişdirilə bilməz.
Bu prosesdə diqqət çəkən məqam ondan ibarətdir ki, söhbət UNESCO-nun İlkin Siyahısından gedir. Yəni Ermənistan hələ abidələrin Dünya İrs Siyahısına daxil edilməsinə nail olmayıb, sadəcə gələcək nominasiya üçün hazırlıq aparır. Lakin bu mərhələdən etibarən tarixi faktların obyektiv araşdırılması, abidələrin mənşəyinin və memarlıq xüsusiyyətlərinin beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilməsi vacibdir.
Ermənistanın bu istiqamətdəki addımları Azərbaycanın mədəni diplomatiyasına əlavə məsuliyyət yükləyir. Bakı tarixi həqiqətləri beynəlxalq platformalarda daha sistemli şəkildə təqdim etməli, Qafqaz Albaniyasının irsinə dair elmi materialları, arxiv sənədlərini, arxeoloji tədqiqatları və tarixi xəritələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Xüsusilə Xınzirək və Dig kimi yaşayış məntəqələrinin tarixi keçmişi ilə bağlı faktların araşdırılması və sənədləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmiz tarixi irsin qorunmasını siyasi manipulyasiya vasitəsinə çevirmədən, elmi əsaslarla müdafiə etmək imkanlarına malikdir. Ermənistan isə mədəni irsi siyasi mübarizənin alətinə çevirməklə özünün beynəlxalq etibarlılığına zərbə vurur. UNESCO heç bir dövlətin tarixi iddialarını avtomatik təsdiqləyən siyasi platforma deyil. Bu qurum qarşısında əsas meyar elmi əsaslandırma, autentiklik və qorunma öhdəlikləridir.
Ermənistan anlamalıdır ki, coğrafi adları dəyişmək, tarixi yaddaşı selektiv təqdim etmək və başqa xalqların irsini özününküləşdirmək cəhdləri tarixi həqiqəti dəyişmir. Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirməli, Qərbi Zəngəzurun tarixi-mədəni irsinin obyektiv araşdırılması üçün beynəlxalq səviyyədə təşəbbüslərini gücləndirməlidir”.
Politoloq vurğuladı ki, tarix siyasi sifarişlə yazılmır və heç bir UNESCO müraciəti xalqın yaddaşını silə bilməz.
İradə SARIYEVA