ABŞ-da kibercinayətkarlar dünyanın aparıcı maliyyə şirkətləri – “Visa”, “Mastercard” və “JPMorgan Chase” bankının minlərlə müştərisinə aid məlumatları ələ keçirərək internetdə yayıblar.
“The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, hücum birbaşa maliyyə qurumlarının informasiya sistemlərinə deyil, onlara xidmət göstərən üçüncü tərəf şirkətlərə qarşı həyata keçirilib. Hakerlər bu şirkətlərin sistemlərinə daxil olaraq müştərilərin şəxsi məlumatlarını əldə ediblər.
Hücuma görə məsuliyyəti “n0n” adlı kibercinayətkar qrup öz üzərinə götürüb. Qrupun iddiasına görə, ələ keçirilən məlumatlar arasında minlərlə müştərinin elektron poçt ünvanları, telefon nömrələri və digər əlaqə məlumatları yer alır. Bununla belə, yayılan məlumatların həqiqiliyi müstəqil şəkildə tam təsdiqlənməyib.
“Visa” nümayəndəsi hadisənin Asiya-Sakit okean regionunda fəaliyyət göstərən kənar xidmət təminatçılarından biri ilə əlaqəli olduğunu bildirib. Şirkət öz sistemlərinin hücuma məruz qalmadığını və bank kartlarının nömrələri də daxil olmaqla ödəniş məlumatlarının ələ keçirilmədiyini açıqlayıb.
“Mastercard” isə insident nəticəsində müəyyən imtiyaz proqramında iştirak edən məhdud sayda kart sahibinin elektron poçt ünvanlarının ifşa olunduğunu təsdiqləyib. Şirkətin məlumatına görə, təhlükəsizlik pozuntusu aradan qaldırılıb və ödəniş şəbəkəsinin fəaliyyətinə, eləcə də kartlardan istifadəyə hər hansı təsir göstərməyib.
“JPMorgan Chase” bankı da kənar xidmət təminatçılarına qarşı kiberhücum həyata keçirildiyini təsdiqləyib. Bankın ilkin araşdırmasına əsasən, hakerlər marketinq məqsədilə saxlanılan məlumatlara, o cümlədən bəzi müştərilərin ad və elektron poçt ünvanlarına çıxış əldə etmiş ola bilərlər. Bank təsirlənmiş müştərilərlə birbaşa əlaqə saxlayacağını bildirib.
Şirkətlər insidentin öz daxili sistemlərinə və ödəniş əməliyyatlarına təsir etmədiyini vurğulayıblar. Hadisənin maliyyə qurumlarının bu həftə üzləşdiyi texniki problemlərlə də əlaqəsi olmadığı bildirilib.
Bununla belə, müştərilərin adları və əlaqə məlumatlarının ələ keçirilməsi gələcəkdə fişinq hücumları üçün zəmin yarada bilər. Kibercinayətkarlar əldə etdikləri məlumatlardan istifadə edərək bank və ödəniş şirkətlərinin adından saxta mesajlar göndərə, istifadəçiləri şəxsi məlumatlarını və hesablarına giriş məlumatlarını paylaşmağa sövq edə bilərlər.
Tahir TAĞIYEV