Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin üçtərəfli görüşünün yekununda dövlət başçılarının sülh haqqında Bəyannaməsi qəbul edilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, üç ölkənin liderləri mövcud beynəlxalq vəziyyəti ətraflı müzakirə edib, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bəyan ediblər.
Bəyannamədə bir sıra mühüm prinsiplər və əməkdaşlıq istiqamətləri öz əksini tapıb.
Rusiya, Çin və ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təşkilatın islahatlarının aparılmasına və qlobal çağırışlara daha effektiv cavab verməsi üçün imkanlarının artırılmasına dəstək ifadə ediblər. Sənəddə BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə əsas missiyasına uyğun fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.
Tərəflər bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalının və tədarükünün artırılmasını planlaşdırdıqlarını bildiriblər. Eyni zamanda, enerji təchizatının sabitliyinin əhəmiyyəti təsdiqlənib.
Bəyannamədə dövlətlərin suveren razılığı prinsipinin və rəsmi dövlət nümayəndələrinin immunitetlərinə riayət olunmasının fundamental əhəmiyyət daşıdığı qeyd edilib. Liderlər Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar strukturların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğunu bildiriblər.
Sənəddə nüvə təhlükəsi ilə bağlı xüsusi müddəa da yer alıb. Üç ölkənin liderləri nüvə müharibəsində qalibin ola bilməyəcəyini və belə bir müharibənin heç vaxt başlanmamalı olduğunu təsdiqləyiblər.
Bundan əlavə, Rusiya, Çin və ABŞ nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması məqsədilə dialoqu davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.
Tahir TAĞIYEV