Ramil Məmmədli: “ABŞ İrana hava zərbələri endirməyi nəzərdən keçirir və bu ehtimal yüksəkdir”
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Theodore Roosevelt” aviadaşıyıcısı Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasına daxil olub və Yaxın Şərqə regionundakı Amerika hərbçilərinin mövcudluğunu üç aviadaşıyıcı zərbə qrupuna çatdırıb. Təyyarədaşıyan gəmi minlərlə əlavə hərbçini də regiona gətirib.
Hazırda Ərəbistan dənizində ABŞ-ın üç təyyarədaşıyan gəmisi, 13 esminesi, iki kreyseri və bir sahil döyüş gəmisi yerləşir. “Theodore Roosevelt” bölgədəki “USS George H.W. Bush” və “USS George Washington” gəmilərinə qoşulub.
Çində keçiriləcək üçtərəfli görüşdən sonra ABŞ İranı vura bilərmi? Yoxsa bir belə donanmanı Yaxın Şərqə niyə yığsın ki?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, ABŞ-ın İrana hava zərbələri vurma ehtimalı var: “ABŞ və İran arasında hərbi gərginlik yüksək həddə çatmış vəziyyətdədir, lakin tərəflərin mövqeləri və son açıqlamalar ziddiyyətlidir. O baxımdan birmənalı proqnoz vermək çətindir. Ancaq nəzərə alsaq ki, tərəflər arasında danışıqlar dalana dirənib, o üzdən, ABŞ İrana hava zərbələri endirməyi nəzərdən keçirir və bu ehtimal yüksəkdir. Yoxsa bir belə hərbi donanmanı, təyyarədaşıyan gəmini regiona cəmləşdirməzdi. Düzdür, Birləşmiş Ştatların İrana birbaşa kütləvi hərbi müdaxilə etmək ehtimalı yoxdur. Söhbət quru qoşunlardan gedir. Sözügedən variant ABŞ üçün risklidir. Ancaq məhdud hərbi zərbələr, kəşfiyyat əməliyyatları və ya proksi qüvvələr vasitəsilə təzyiq göstərmək variantları ola bilər. Eyni zamanda, İran da cavab olaraq ABŞ-ın regionda yerləşən hərbi bazalarına zərbələr endirəcək. Onsuz da əvvəlki müharibədə İran buna əl atıb. Ondan sonra ABŞ Birləşmiş Ərəb Əmirliyində, Küveytdə, Səudiyyə Ərəbistanındakı bazalarda olan təyyarələri İordaniyaya köçürdü. Ancaq nəzərə almaq lazımdır ki, İran İordaniyanı vura biləcək balestik raketlərinə malikdir. Bəzi məlumatlara görə, həmin raketlərin sayı 2000-dən çoxdur. Vəziyyəti gərginləşdirən digər amil odur ki, İsrail bütün ABŞ-ın İranı vurmasına təhrik edir. Bu günlərdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, İsrail ABŞ-ı İranla sonsuz müharibəyə cəlb etməyə çalışır. Onun fikrincə, bu məsələdə ABŞ-da hansı qüvvələrin hakimiyyətdə olmasının elə bir əhəmiyyəti yoxdur”.
Vidadi ORDAHALLI