Rusiyanın Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Hadisənin Yakunovo kəndi yaxınlığında baş verdiyi bildirilir.
İlkin məlumatlara görə, qəzanın səbəbi uçuş zamanı təyyarənin mühərriklərindən birində baş verən yanğın olub. “SHOT” Telegram kanalı mühərriklərdən birinin havada alışmasından sonra təyyarənin kəskin şəkildə aşağı enməyə başladığını yazıb.
“112” və “Baza” Telegram kanallarının məlumatına görə, təyyarədə 13-17 nəfər olub. “112” və REN TV isə göyərtədəki bütün şəxslərin həlak olduğunu bildirir.
Kuzbass vilayətinin qubernatoru İlya Seredyuk Yakunovo kəndi yaxınlığında aviasiya hadisəsinin baş verdiyini təsdiqləyib, lakin əlavə təfərrüat açıqlamayıb.
Qeyd edək ki, Yakunovo kəndi Kemerovo hava limanının yaxınlığında yerləşir. Hadisənin səbəbləri və itkilərin dəqiq sayı ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
Tahir TAĞIYEV