Akif Nağı: “Azərbaycanın beynəlxalq platformalarda artan fəallığı və müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq imkanları dövlətimizin müstəqil qərarvermə qabiliyyətinin, siyasi iradəsinin və milli maraqlarını istənilən müstəvidə müdafiə etmək gücünün göstəricisidir”.
Azərbaycanın Avropa siyasi məkanındakı fəallığı ənənəvi enerji tərəfdaşlığından çoxtərəfli siyasi dialoq, nəqliyyat bağlantıları və regional təhlükəsizlik təşəbbüslərini əhatə edən yeni mərhələyə keçib. Bu proses Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti və Bakının 2028-ci ildə bu tədbirə ev sahibliyi etməsi ilə bağlı qərarlarla möhkəmlənir.
Azərbaycan Prezidenti İlham Əliyevin ASB sammitlərində iştirakı və onların çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər Azərbaycanın Avropa siyasi məkanındakı fəal diplomatik mövqeyini nümayiş etdirir.
Prezident İlham Əliyevin ASB-nin sammitlərində iştirakı:
· 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqa şəhərində ASB-nin 1-ci Sammiti
· 2023-cü ilin iyununda Moldovanın Bulboaka kəndində ASB-nin 2-ci Sammiti
· 2024-cü ilin iyulunda Böyük Britaniyada, Oksfordda ASB-nin 4-cü Sammiti
· 2025-ci ilin mayında Albaniyanın paytaxtı Tiranada ASB-nin 6-cı Sammiti
· 2025-ci il oktyabrında Danimarkanın paytaxtı Kopenhagendə ASB-nin 7-ci Sammiti
· 2026-cı ilin mayında Ermənistanın paytaxtı İrəvan şəhərində ASB-nin 8-ci Sammiti. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
· 2026-cı ilin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində ASB-nin 9-cü Sammiti.
Azərbaycanın diplomatik fəallığı başqa ölkələrin Avropa Siyasi məkanında diplomatik fəallığından hansı əlamətlərinə görə fərqləndirilə bilər? Yaxud fərqlər varmı?
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin həm ölkəmizdə, həm də xaricdə keçirilən beynəlxalq və regional tədbirlərdə iştirakı artıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin göstəricisinə çevrilib. “Bu, təkcə dövlətimizin artan nüfuzunu deyil, həm də Azərbaycan Prezidentinin dünya siyasətində qəbul edilən, mövqeyi və yanaşmaları nəzərə alınan liderlərdən biri olduğunu təsdiqləyir.
Bu gün regionda hər hansı mühüm layihənin həyata keçirilməsi nəzərdə tutulursa, Azərbaycanın mövqeyi və iştirakı mütləq nəzərə alınır. Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan kabel və digər kommunikasiya xətləri də bunun bariz nümunəsidir. Belə layihələr Azərbaycanın həm geosiyasi, həm iqtisadi, həm də strateji əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, bu, ölkəmizin Avropa və bütövlükdə beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu təsdiqləyir.
Azərbaycan yalnız əlverişli coğrafi mövqeyə malik ölkə deyil, həm də təhlükəsizliyin təmin olunduğu, sabit və etibarlı tranzit məkanıdır. Ölkəmizin ərazisindən keçən beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın məsuliyyətli tərəfdaş kimi nüfuzunu daha da artırır.
Avropa Siyasi Birliyinin tədbirlərində Azərbaycanın nümayiş etdirdiyi mövqe də xüsusi diqqətə layiqdir. Azərbaycan burada özünün prinsipial siyasi yanaşmasını və milli maraqlarını açıq şəkildə ortaya qoyur. Xüsusilə Avropanın təhlükəsizlik strategiyası ilə bağlı müzakirələrdə və qəbul olunan sənədlərə münasibətdə ölkəmiz öz dövlət maraqlarından çıxış etdiyini nümayiş etdirib. Bu, Azərbaycanın beynəlxalq platformalarda iştirakının sadəcə diplomatik təmsilçilikdən ibarət olmadığını, eyni zamanda müstəqil siyasi iradəyə malik olduğunu göstərir”.
A.Nağının fikrincə, bəzən belə düşünülə bilər ki, Azərbaycan Avropa tərəfindən dəvət olunur, yüksək səviyyəli tədbirlərdə iştirakı təmin edilir və ölkəmizlə əməkdaşlığa xüsusi əhəmiyyət verilir, deməli, Bakı da müəyyən məsələlərdə güzəştlərə getməlidir. “Lakin Azərbaycanın xarici siyasətinin mahiyyəti bundan ibarət deyil. Azərbaycan qarşılıqlı əməkdaşlığa, dialoqa və konstruktiv münasibətlərə açıqdır. Tərəfdaşlıq naminə müəyyən addımlar atır, qarşı tərəfin mövqeyini də nəzərə alır. Ancaq söhbət prinsipial məsələlərdən, milli təhlükəsizlikdən və dövlət maraqlarından gedəndə heç bir güzəştə getmir.
Avropanın təhlükəsizliyi məsələsinə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Azərbaycan onsuz da Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyi, regional sabitlik və beynəlxalq logistika baxımından da ölkəmizin töhfəsi kifayət qədər böyükdür. Ancaq bu o demək deyil ki, Azərbaycan kimlərinsə geosiyasi maraqlarına uyğun şəkildə öz xarici siyasət prioritetlərini dəyişməlidir.
Çünki Avropanın təhlükəsizlik proseslərində hər hansı formada iştirak Azərbaycanın digər qonşu dövlətlərlə münasibətlərinə təsirsiz ötüşməyə bilər. Bakı həm Rusiya, həm İran, həm də digər regional aktorlarla münasibətlərində mümkün riskləri nəzərə alır. Azərbaycan heç bir dövlətin qarşıdurmasında tərəfə çevrilmək niyyətində deyil. Kimlərin öz aralarında münaqişəsi və ziddiyyətləri varsa, onlar həmin problemləri özləri həll etməlidirlər. Azərbaycanın əsas prioriteti isə milli təhlükəsizliyini, suverenliyini və regional sabitliyi qorumaqdır.
Burada mühüm məqamlardan biri də budur ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün kənar güclərin himayəsinə bel bağlamır. Biz bunun müxtəlif nümunələrini görmüşük. Vaxtilə Ermənistan da təhlükəsizliyinin təmin olunması üçün böyük dövlətlərdən və beynəlxalq güc mərkəzlərindən təminatlar gözləyirdi. Lakin sonrakı proseslər göstərdi ki, heç bir dövlət öz təhlükəsizliyini tamamilə başqalarının üzərinə qoya bilməz. Eyni yanaşma Ukrayna və digər dövlətlərin təhlükəsizlik məsələlərinə də aiddir.
Hesab edirəm ki, hər bir dövlət ilk növbədə öz təhlükəsizliyini təmin etmək iqtidarında olmalıdır. Azərbaycan da məhz bu prinsipdən çıxış edir. Ölkəmiz öz müdafiə və təhlükəsizlik imkanlarını gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlıqda da fəal iştirak edir.
Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasəti çoxşaxəli və balanslaşdırılmış xarakter daşıyır. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi və təhlükəsizlik sahələrində qurulan əməkdaşlıq ölkəmizə qlobal və regional proseslərdə iştirak etmək, dəyişən geosiyasi şəraitdə öz maraqlarını qorumaq imkanı verir.
Əslində, Azərbaycanın beynəlxalq platformalarda artan fəallığı və müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq imkanları dövlətimizin müstəqil qərarvermə qabiliyyətinin, siyasi iradəsinin və milli maraqlarını istənilən müstəvidə müdafiə etmək gücünün göstəricisidir. Əsas məsələ də məhz budur: Azərbaycan beynəlxalq proseslərin iştirakçısıdır, lakin heç bir halda öz milli maraqlarını həmin proseslərin qurbanına çevirmir”-deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA