ABŞ ilk dəfə Ukraynaya Donbasdan qoşunlarını çıxarmaq müqabilində NATO-ya üzvlük məsələsini təklif edib. Kiyev hazırda ölkənin təhlükəsizliyinin təmin edilməsi və bərpasını nəzərdə tutan kompleks paketlə bağlı tərəfdaşları ilə danışıqlar aparır. Lakin hələlik konkret təklif mövcud deyil.
Ukrayna Prezidenti Zelenskinin sözlərinə görə, ABŞ tərəfi ilk dəfə Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasdan çıxması məsələsini gündəmə gətirib.
“Dəfələrlə demişəm ki, Ukrayna geri çəkilmir və torpaqlarını terrorçulara təhvil vermir. Amerikalılar belə bir sual qoydular: “Əgər Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxacaqmı?” Bu, ilk dəfə idi”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, tərəfdaşlarla müzakirə olunan vahid paketə NATO və Avropa İttifaqının konkret təhlükəsizlik zəmanətləri, Ukrayna ordusunun gücləndirilməsi, hərbçilərin və silahların müəyyən sayda təmin edilməsi, eləcə də müəyyən müddət üçün maliyyə yardımı daxil ola bilər.
Bundan əlavə, paket Ukraynanın bərpasını nəzərdə tutan “Prosperity Plan” – Rifah Planını və onun dəqiq müəyyənləşdirilmiş maliyyə mənbələrini əhatə etməlidir.
Zelenski belə bir təklif ABŞ və digər NATO tərəfdaşları ilə razılaşdırılacağı təqdirdə, məsələni Ukrayna cəmiyyətinin müzakirəsinə çıxaracağını bildirib. O, bu cür qərarları təkbaşına qəbul edə bilməyəcəyini vurğulayıb.
Prezident, həmçinin qeyd edib ki, mümkün razılaşma işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasını nəzərdə tuta bilməz.
Zelenski NATO üzvlüyünü kollektiv müdafiə prinsipi baxımından Ukrayna üçün mühüm təhlükəsizlik zəmanəti hesab edir. Onun sözlərinə görə, əvvəllər Kiyev Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər təminatlar tələb edirdi. İndi isə ABŞ tərəfi 4-cü və 5-ci maddələrin müddəalarına bənzər zəmanətlərdən danışır.
Bununla belə, Zelenski ABŞ-dən belə bir təminatın Ukrayna ərazisində Amerika hərbçilərinin yerləşdirilməsini nəzərdə tutub-tutmadığını soruşduğunu və mənfi cavab aldığını açıqlayıb.
Ukrayna liderinin sözlərinə görə, Vaşinqton müzakirə olunan zəmanətləri ikitərəfli hesab edir və İsrail, eləcə də Yaxın Şərqin bəzi ölkələri ilə təhlükəsizlik sazişlərini nümunə göstərir. Zelenski həmin ölkələrdə ABŞ hərbçilərinin, aviasiyasının, donanmasının və hərbi bazalarının yerləşdiyini, İranın hücumları zamanı isə bu obyektlərin, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə qorunduğunu xatırladıb.
Ukrayna prezidenti hesab edir ki, bu model ölkəsi üçün nəzərdə tutula biləcək təhlükəsizlik zəmanətlərinin necə işləyə biləcəyinə dair nümunələrdən biri ola bilər. Bununla yanaşı, o, gələcək təminatların konkret məzmununun və onların həyata keçirilməsi mexanizmlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Tahir TAĞIYEV