Rusiya nümayəndə heyətinin Əbu-Dabidə Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı keçirilən çoxtərəfli danışıqlarda yeni Avropa təhlükəsizlik sistemi ilə əlaqədar bir sıra tələblər irəli sürdüyü iddia olunur.
Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Moskva nümayəndələri Finlandiyanın NATO-dan çıxmasını, həmçinin alyansın Latviya, Litva və Estoniyadakı hərbi bazalarını bağlamasını istəyiblər. Bu təkliflərin Birləşmiş Ərəb Əmirliklərində iştirak edən Avropa İttifaqı nümayəndələrinə çatdırıldığı bildirilir.
Nəşrin yazdığına görə, Rusiya tərəfinin təklifləri Moldovaya da aiddir. Belə ki, Moskva nümayəndələri ölkənin Moldova əraziləri, Qaqauziya və Dnestryanı bölgədən ibarət federasiyaya çevrilməsini təklif ediblər. İddialara əsasən, Moldovanın Avropa İttifaqına üzv olması halında Dnestryanı bölgə və Qaqauziya üçün müstəqillik referendumlarının keçirilməsi imkanı da nəzərdə tutulub.
Ukrayna ilə bağlı tələblər sırasında Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində qalan hissələrinin Rusiyaya verilməsi, NATO-ya üzvlükdən imtina, Nikolayev və Odessa limanlarının demilitarizasiyası, Qara və Baltik dənizlərində gəmiçilik azadlığına dair ayrıca razılaşmaların imzalanması yer alıb.
“Bild”in məlumatına görə, Rusiya tərəfi bu tələblərin əvəzində Belarusdan nüvə silahlarının çıxarılmasını, orada Rusiyanın orta mənzilli raketlərinin yerləşdirilməsindən imtinanı və Rusiya hərbi qüvvələrinin Dnestryanı bölgədən çıxarılmasını təklif edib.
Bununla belə, nəşr vurğulayır ki, sadalanan təkliflər Rusiya daxilində müzakirə olunan qeyri-rəsmi təşəbbüslərdən yalnız biridir. Moskva daxilində müxtəlif vasitəçi qrupların fəaliyyət göstərdiyi və bu ideyaların hansı səviyyədə dəstəkləndiyinin məlum olmadığı bildirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Finlandiyanın və ya başqa bir ölkənin NATO-dan çıxmasının danışıqlarda tələb olunması barədə məlumatları təkzib edib. O, Rusiya tərəfinin belə bir tələb irəli sürmədiyini bildirib.
Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub. Ölkədə alyansa qoşulmağa ictimai dəstək Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra əhəmiyyətli dərəcədə artıb.
Tahir TAĞIYEV