Əli Mustafa: “Azərbaycanla Ukrayna arasında olan yaxınlıq Rusiyaya qarşı deyil”
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın qış ərəfəsində ölkəsinin kritik infrastrukturuna və logistikasına əlavə dəstək göstərəcəyinə ümid edir. Bu barədə o Dublində Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşünün yekunlarına dair sosial şəbəkələrdə yazıb:
“Ukraynadakı vəziyyəti, həmçinin Rusiyanın fasiləsiz hücumları nəticəsində energetika və nəqliyyat sistemində yaranmış problemləri ətraflı müzakirə etdik. Qış ərəfəsində Azərbaycanın Ukraynanın kritik infrastrukturuna və logistikasına dəstək göstərmək üçün yenidən imkan tapacağı təqdirdə minnətdar olarıq. Komandalarımıza bu məsələnin üzərində işləməyi tapşırdıq”.
Azərbaycanın bu işdə fəal iştirakı, Ukraynaya yardımları artırması Rusiyanı qıcıqlandıra bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa baki-xeber.com-a açıqlamasında bildirdi ki, hazırda iki ölkə arasında müharibə getdiyi üçün hansısa ölkənin Ukraynaya yardımı Rusiyada qıcıqla qarşılanır: “Ancaq eyni zamanda Rusiya anlayır ki, Ukrayna ilə Azərbaycan arasında yaxın münasibətlər, əməkdaşlıq var. İki ölkə arasında müqavilələr, ikitərəfli sazişlər var. Azərbaycanla Ukrayna arasında olan yaxınlıq Rusiyaya qarşı deyil. Üstəlik, Azərbaycanla Rusiya arasında da münasibətlər var və bu, Ukraynaya qarşı yönəlməyib. Ən önəmli məqam odur ki, Azərbaycan Rusiyanın silahlanmasında iştirak etmir. Yəni Ukraynaya nə silah verir, nə də bunu ixrac edir. Adətən hərbi yardımlar gərginliyə səbəb olur. Azərbaycanın Ukraynaya yardımı humanitar xarakterlidir. Çünki Ukrayna ciddi dağıntılara məruz qalır. Azərbaycan Ukraynaya yaralarını sarımağa kömək edir. Ukrayna xalqı qışda donmaqla üz-üzədir. Ölkənin elektrik stansiyaları kütləvi zərbələrə məruz qalır. Bütün bunların yaratdığı fəsadlara Azərbaycan necə biganə qala bilər? Əksər dünya dövlətləri Ukraynaya yardım edir. İnsanlıq gərəyi olaraq biz Ukraynaya humanitar yardım göstəririk. Azərbaycanla Ukrayna arasında əməkdaşlıq, dostluq var. Ona görə də bütün hallarda Azərbaycanın Ukraynaya yardımı doğru addımdır. Güman etmirəm ki, buna görə Rusiya Azərbaycana etiraz etsin. Yaxud da bağlı kanallarla hansısa mesaj göndərsin. Ona görə ki. Azərbaycanın yardımı sırf humanitar xarakterlidir”.
Vidadi ORDAHALLI