Respublikaçılar Partiyası daxilində ABŞ Dövlət Katibi və Milli Təhlükəsizlik üzrə Müşavir Marko Rubionun 2028-ci il prezident seçkilərində namizəd göstərilməsinə dəstək artır.
Bu barədə "Politico" nəşrində dərc olunan məqalədə bəhs edilir. Respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətindən sonra partiya daxilində rəhbərliyi kimin öz üzərinə götürməli olduğuna dair yeni müzakirələr başlayıb. Potensial namizədlər arasında Rubio və ABŞ-ın vitse-prezidenti Cey Di Vens yer alır. Konqresmen Marlin Stutsman bildirib: "Ümid edirəm ki, Rubio namizədliyini irəli sürər. Düşünürəm ki, o, insanlarla ünsiyyət qurmaq və onları bir araya gətirmək baxımından ən yaxşısıdır. Mən onu, şübhəsiz ki, ən istedadlı respublikaçı hesab edirəm". Başqa bir respublikaçı isə Rubionu partiyanı hazırkı "böhran"dan çıxarmaq üçün "ən böyük ümid" kimi xarakterizə edib. Mənbə əlavə edib: "Ümid edirəm ki, gələn ilin əvvəlində o, Tramp və Cey Di ilə arasına məsafə qoyacaq". Digər tərəfdən, Cey Di Vens Trampın siyasi gündəliyi ilə sıx bağlıdır; bəzi respublikaçılara görə, seçicilər son seçkilərdə bu siyasi platformanı qəti şəkildə rədd ediblər. Eyni zamanda, mənbələr "Politico"ya bildiriblər ki, Rubio prezidentliyə namizəd olmaqda maraqlı deyil. Lakin Dövlət Katibinə yaxın bir şəxs qeyd edib ki, potensial prezident namizədliyi ilə bağlı əsl niyyətlərini yalnız Rubionun özü bilir. Həmin şəxsin sözlərinə görə, Rubio hazırda "öz vəzifələrinə diqqət yetirir və 2028-ci il barədə düşünmür".
SAMİRƏ