2026-cı il noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında müharibənin başa çatdırılmasına dair üçtərəfli danışıqları başa çatıb. Danışıqların ilk günündə müzakirələr 4 saat yarım davam edib və 40 dəqiqəlik fasilə ilə keçirilib. Görüşün konkret nəticələri və müzakirələrin təfərrüatları rəsmən açıqlanmayıb.
Ukrayna nümayəndə heyətinə yaxın mənbənin məlumatına görə, tərəflər yaxın vaxtlarda genişmiqyaslı əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
Rusiya tərəfinin danışıqlarda əsas diqqəti müharibədən sonrakı Avropanın təhlükəsizlik sisteminə dair razılaşmalara yönəltmək niyyətində olduğu bildirilir.
ABŞ dövlət katibi Marko Rubio görüşü çox məhsuldar adlandırıb və gələcək danışıqlara Avropa tərəfdaşlarının da cəlb edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avropa ölkələri də problemin həllinin bir hissəsidir.
Əbu-Dabidə Avropa dövlətlərinin, NATO və Avropa İttifaqının nümayəndələri də iştirak etsələr də, birbaşa danışıqlar masasına əyləşməyiblər.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Rustem Umerov rəhbərlik edib.
Bu, səkkiz aydan sonra Rusiya və Ukrayna arasında keçirilən ilk birbaşa üçtərəfli danışıqlardır. Əvvəlki görüşlər fevral ayında Cenevrədə baş tutmuş, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra dayandırılmışdı.
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı Əbu-Dabidə keçirilən danışıqlarda Moskvanın əsas müzakirə mövzularından biri müharibədən sonrakı Avropanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasıdır. Nə üçün Rusiya sülh danışıqlarında ərazi məsələləri və atəşkəslə yanaşı, Avropanın gələcək təhlükəsizlik sisteminə xüsusi önəm verir? Moskva bu yolla NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğuna, alyansın genişlənməsinə və regionda qüvvələr balansına təsir göstərməyəmi çalışır? Müharibədən sonrakı Avropanın təhlükəsizlik qaydalarının müəyyənləşdirilməsi Rusiyanın geosiyasi maraqları baxımından nə dərəcədə həlledicidir?
Oqtay Qasımov: "Ukrayna savaşı Rusiyanın keçmiş Sovet imperiyasını bərpa etmək planının bir mərhələsidir"
Politoloq Oqtay Qasımov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Əbu-Dabidə keçirilən üçtərəfli görüş dünyanın diqqət mərkəzində olsa da, danışıqlardan ciddi və prinsipial qərarların qəbul ediləcəyi gözlənilmirdi. Çünki tərəflərin münaqişənin həlli ilə bağlı mövqeləri bir-birindən kəskin şəkildə fərqlənir. Rusiyanın əsas tələbi Ukraynanın ərazi güzəştləri hesabına müharibənin dayandırılması, xüsusilə Donbasın Rusiyaya verilməsidir. Ukrayna isə bu tələbi qəti şəkildə rədd edir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri hərbi təmas xətti ilə bağlı olsa da, bu istiqamətdə də razılıq əldə etmək mümkün olmayıb.
Politoloqun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun gələcək danışıqlara Avropanın da cəlb edilməsinin vacibliyini vurğulaması Avropanın təhlükəsizlik məsələləri ilə bağlı narahatlığından irəli gəlir. Çünki Rusiya müharibə ilə bağlı danışıqları daha geniş müstəviyə, Avropanın gələcək təhlükəsizlik arxitekturasının müzakirəsinə çevirməyə çalışır. Moskvanın istəyi ABŞ-ın təhlükəsizlik təminatlarının zəiflədiyi bir şəraitdə Avropa ilə münasibətlərdə üstün mövqe qazanmaq və Şərqi Avropada yenidən təsir dairəsi formalaşdırmaqdır.
Oqtay Qasımov qeyd edib ki, Rusiya Avropanın təhlükəsizlik arxitekturası məsələsini gündəmə gətirməklə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını və Şərqi Avropanın faktiki olaraq Rusiyanın təsir zonası kimi tanınmasını istəyir. Lakin bu yanaşma NATO və Avropa İttifaqı tərəfindən qəbul edilmir. Rusiyanın əsas geosiyasi məqsədlərindən biri Avropada əvvəlki nüfuz dairəsini bərpa etmək və Avrasiyada yenidən güc mərkəzinə çevrilməkdir. Bu baxımdan, keçmiş Sovet imperiyasının bərpası Vladimir Putinin strateji hədəflərindən biri kimi çıxış edir.
Politoloqun fikrincə, Ukrayna müharibəsi də Rusiya üçün məhz həmin geosiyasi məqsədlərə çatmaq yolunda mühüm mərhələdir. Avropa dövlətləri bu niyyəti anladıqları üçün Ukraynaya dəstək verir və onun Rusiya qarşısında məğlubiyyətinə imkan verməməyə çalışırlar. Qərbdəki siyasi proseslər, xüsusilə ABŞ-da Konqres və Senatın yeni tərkibinin formalaşması da danışıqların gələcəyinə təsir göstərə bilər. Demokratların Tramp administrasiyasına Rusiyaya münasibətdə daha sərt mövqe tutması üçün təzyiqləri artıracağı ehtimal olunur. Onlar Trampın Moskva qarşısında güzəştli mövqeyini Amerikanın maraqlarından geri çəkilməsi kimi qiymətləndirirlər.
Oqtay Qasımov hesab edir ki, danışıqlar müəyyən müddət davam etsə də, yaxın aylarda münaqişənin yekun həlli ilə bağlı razılığın əldə olunması real görünmür. Tramp müharibəni mümkün qədər tez dayandırmağa çalışsa da, Ukrayna tərəfi Rusiyanın şərtləri ilə razılaşmaq niyyətində deyil. Kiyev Qərbdə, xüsusilə ABŞ-dakı demokratların siyasi dəstəyinə də ümid edir. Bu səbəbdən Ukrayna danışıqlar prosesində mövqelərini qorumağa və Rusiyanın irəli sürdüyü şərtlərlə razılaşmaqdan yayınmağa çalışacaq.
Dəniz NƏSİRLİ