Belarusun xarici işlər naziri Maksim Rıjenkov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif edib.
Nazir “Belarus 1” telekanalının efirində çıxışı zamanı Ermənistanın təşkilatın məxfi sənədlərinə tam çıxış əldə etməsinin düzgün olmadığını deyib və ölkəni “saxta müttəfiq” adlandırıb.
Rıjenkovun sözlərinə görə, məxfi məlumatlar nəzəri olaraq KTMT-ni həmrəylik prinsipləri əsasında inkişaf etdirmək istəyən dövlətlərin maraqlarına qarşı istifadə oluna bilər.
Belarus XİN rəhbəri vurğulayıb ki, rəsmi İrəvanın inteqrasiya qurumlarına münasibətinin dəyişməsi Ermənistan xalqının deyil, ölkənin ali rəhbərliyinin mövqeyi ilə bağlıdır. O, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını passiv və seçici xarakter daşıyan fəaliyyət kimi qiymətləndirib.
Rıjenkov qeyd edib ki, Ermənistan qaz və neftin güzəştli qiymətlərindən, eləcə də malların son istehlakçılara çatdırılması imkanlarından yararlanır, lakin inteqrasiya birliklərinin digər öhdəliklərindən uzaq durur.
Qeyd edək ki, Belarus XİN rəhbərinin bu açıqlaması Moskvada keçirilən KTMT sammitindən sonra səsləndirilib. Sammitdə Ermənistanın təşkilatda səsvermə hüququnun və məsul vəzifələrə öz nümayəndələrini irəli sürmək imkanının məhdudlaşdırılması barədə qərar qəbul edilib. Ermənistan 2024-cü ildə KTMT-də iştirakını “dondurduğunu” elan edib və üzvlük haqlarını ödəməyi dayandırıb.
Tahir TAĞIYEV