Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaqla Rusiya və digər üzv ölkələri itirmək riski ilə üzləşir. Bunu Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov “RİA Novosti”yə açıqlamasında bildirib.
Senatorun sözlərinə görə, Ermənistanın ən etibarlı müttəfiqləri hesab olunan Rusiya və digər KTMT ölkələri ilə münasibətlərini zəiflətməsi ölkənin maraqlarına uyğun deyil.
Cabarov Ermənistan hakimiyyətinin xarici siyasət kursu ilə bağlı qərarı uzatdığını qeyd edib. Onun fikrincə, İrəvan ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq məsələsində mövqeyini müəyyənləşdirməlidir.
“Ermənistanın hazırkı rəhbərliyi odla oynayır. Belə siyasət nəticəsində Rusiya və digər KTMT ölkələri kimi ən etibarlı müttəfiqlərini itirə bilər”, – deyə senator vurğulayıb.
KTMT-nin Ermənistana münasibətdə qəbul etdiyi qərarı şərh edən Cabarov bildirib ki, təşkilat üzvləri nizamnaməyə uyğun hərəkət ediblər. O əlavə edib ki, Ermənistan təşkilatın tədbirlərində iştirak etmir, üzvlük haqlarını ödəmir və faktiki olaraq KTMT-dən çıxdığını bəyan etsə də, bununla bağlı rəsmi müraciət təqdim etməyib.
Tahir TAĞIYEV