Böyük Britaniyada xidmət edən 41 yaşlı ABŞ Quru Qoşunlarının yüksək rütbəli hərbçisi Moskvanın xeyrinə casusluq fəaliyyəti göstərməkdə, məxfi dövlət sənədlərini sızdırmaqda və xarici kəşfiyyata yardım etməkdə şübhəli bilinərək saxlanılıb.
Qlosterşir bölgəsindəki ünvanlardan birində keçirilən əməliyyat Böyük Britaniyanın Terrorla Mübarizə Polisi, ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) və hərbi komandanlığın birgə iştirakı ilə həyata keçirilib.
Məlumata görə, ötən gün keçirilən əməliyyat zamanı saxlanılan amerikalı hərbçi böhran vəziyyətlərində quru qoşunlarının idarə olunması və koordinasiyasına cavabdeh olan NATO-nun Müttəfiq Çevik Reaksiya Korpusunda xidmət edib.
Britaniya hüquq-mühafizə orqanları şübhəli barəsində 2023-cü il tarixli Milli Təhlükəsizlik Qanununun birinci və üçüncü maddələri üzrə genişmiqyaslı araşdırmaya başlanıldığını bildiriblər.
Əməliyyatdan sonra Vaşinqtondan verilən ilkin açıqlamalarda müttəfiq ölkələrin təhlükəsizliyinə xələl gətirən bu cür hallara qarşı heç bir güzəştə gedilməyəcəyi vurğulanıb.
FBI direktoru Kaş Patel milli təhlükəsizliyi təhdid edən hərəkətlərə dözümlülük göstərilməyəcəyini bildirib. ABŞ Quru Qoşunlarının Əks-Kəşfiyyat Komandanlığının rəhbəri, briqada generalı Şon Stinçon isə məxfi məlumatlara çıxışı olan yüksək vəzifəli şəxsin şübhəli bilinməsinin qurumdaxili təhlükəsizlik boşluqlarının hələ də mövcud olduğunu göstərdiyini qeyd edib.
Bildirilir ki, hərbçinin Rusiya üçün casusluq etməsi hələlik şübhə xarakteri daşıyır.
Tahir TAĞIYEV