Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna arasında yeni genişmiqyaslı hərbi əsir mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Bu barədə Rusiya Prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, mübadilənin konkret parametrləri yaxın vaxtlarda açıqlanacaq. Rusiya nümayəndə heyəti danışıqlar zamanı bu məsələ ilə məqsədyönlü şəkildə məşğul olub.
Medinski tərəflərin bir sıra məsələlər üzrə mövqelərini bölüşdüyünü və bəzi mövzularda qarşılıqlı anlaşmaya nail olduğunu bildirib. Bununla belə, müəyyən məsələlər üzrə razılıq əldə etmək mümkün olmayıb.
O, həmçinin Rusiya nümayəndə heyətinin Avropa təmsilçiləri ilə heç bir təmas qurmadığını və onların danışıqlar prosesində hansı statusda iştirak etdiklərini anlamadığını qeyd edib.
Medinski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin fəaliyyətini isə müsbət qiymətləndirib. O, onları səmimi, effektiv və nəticəyə yönəlmiş şəxslər kimi xarakterizə edib.
Rusiya nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, ABŞ nümayəndələrinin vasitəçilik missiyasının uğurunu müəyyən edən əsas meyar xilas edilən insanların sayıdır.
Tahir TAĞIYEV