Noyabr ayının ortalarına qədər Rusiya komandanlığı Amur vilayətində yerləşən “Ukrainka” hərbi hava bazasında eyni vaxtda 47 strateji bombardmançı və raketdaşıyıcı təyyarə cəmləşdirib. Bu, Rusiyanın digər hərbi aerodromları ilə müqayisədə ən böyük göstəricilərdən biridir.
“AviVector” nəşrinin məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasının Uzaq Şərqə belə genişmiqyaslı dislokasiyası Ukraynanın Saratov vilayətindəki “Engels-2” hərbi hava bazasına endirdiyi zərbələrdən sonra baş verib.
2026-cı ilin payızının sonuna olan məlumata əsasən, “Ukrainka” aviabazasında 37 ədəd Tu-95MS strateji bombardmançı və 10 ədəd Tu-160M qitələrarası strateji bombardmançı təyyarə yerləşdirilib. Doqquz təyyarədən ibarət sonuncu qrup noyabrın əvvəlində Uzaq Şərqdəki bazaya çatıb.
Ukraynalı OSINT analitiklərinin iddialarına görə, həmin təyyarələr noyabrın 3-də bazaya köçürülməzdən əvvəl Ukraynaya qarşı kütləvi hava hücumlarında iştirak ediblər. Bu hücumlar nəticəsində Xarkov şəhərindəki xəstəxanada 70-dən çox xəstə və tibb işçisinin xəsarət aldığı bildirilir.
Peyk görüntülərinə əsasən, Tu-95MS və Tu-160M bombardmançıları “Ukrainka” aviabazasında açıq ərazidə, xüsusi qoruyucu sığınacaqlar və kamuflyaj örtükləri olmadan park edilib. Ehtimal olunur ki, Rusiya hərbi komandanlığı bazanın Ukrayna sərhədindən 6 min kilometrdən çox məsafədə yerləşməsini onun təhlükəsizliyi baxımından əsas amil hesab edir.
Qeyd edək ki, “Ukrainka” aviabazası 2025-ci il iyunun 1-də Ukrayna xüsusi xidmət orqanlarının həyata keçirdiyi “Hörümçək toru” əməliyyatının hədəflərindən biri olub. Əməliyyat çərçivəsində Ukrayna tərəfi yük maşınlarında gizlədilmiş pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiyanın dərinliklərində yerləşən hərbi aviasiya obyektlərinə zərbələr endirmişdi.
Beləliklə, strateji bombardmançıların Uzaq Şərqə köçürülməsi Rusiyanın Ukraynanın uzaqmənzilli hücumları qarşısında hərbi aviasiyasının təhlükəsizliyini təmin etmək cəhdləri kimi qiymətləndirilə bilər.
Tahir TAĞIYEV