Azərbaycanda bəzi abonentlər elektrik enerjisi ödənişlərində zərərə düşəcəklərindən şikayətlənirlər.
Ölkədə əhali abonentləri üçün pilləli tariflər tətbiq olunur: 0 – 200 kVt•saat: 1 kVt•saat üçün 8.4 qəpik; 200 – 300 kVt•saat: 1 kVt•saat üçün 10 qəpik; 300 kVt•saatdan artıq: 1 kVt•saat üçün 15 qəpik. Abonentlər deyirlər ki, bu limitlər hər ayın 1-də yenilənməlidir. Abşeron sakinlərindən biri söyləyib: "Lakin ayın ilk günlərində sıfırlanma olmasa, biz işığın pulunu ən yüksək tariflə, yəni 15 qəpikdən ödəməli olacağıq. Məsələn, artıq noyabrın 9-dur, amma bizim sayğac hələ də sıfırlanmayıb". Şikayətçilərin sözlərinə görə, "Azərişıq" ASC əməkdaşlarının bu problemi bilərəkdən, yoxsa bilməyərəkdən yaratdıqları onlara aydın deyil. Adının çəkilməsini istəməyən başqa bir sakin bildirib: "Fakt ondadır ki, bundan biz ziyan çəkə bilərik". Ekspertlər isə hesab edirlər ki, bu problem ancaq mexaniki sayğaclarda yarana bilər. Onlar vurğulayırlar ki, "Smart" sayğaclarda hər ayın 1-də mərkəzi sistem limiti avtomatik yeniləyir. Karta pul yükləyib sayğaca daxil etdikdə yeni ayın güzəştli tarifi işə düşür. Mexaniki və elektron (kodlu) sayğaclarda isə "Azərişıq" ASC əməkdaşları aylıq oxunma aparıb faktura çıxardıqdan sonra növbəti ayın limiti aktivləşir.
Samirə SƏFƏROVA